Rəşad Sadıqovun narahatlığını aradan qaldıran - Biri var, başqası yoxdur

17:40 Zirə 98
Rəşad Sadıqovun narahatlığını aradan qaldıran - Biri var, başqası yoxdur

Davit Volkov qayıdışı ilə «Zirə»yə yeni nəfəs gətirib.

Yeni ilə yaxşı başlamayan komanda üçün ən gözəl xəbər gürcü hücumçunun dönüşüdür.

O, Premyer Liqanın 20-ci turunda da adını tabloya yazdırdı. «Karvan»la qarşılaşmanın taleyini Volkovun yeganə qolu həll etdi.

Davit ötən 4 ayı həkim otağında keçirməsəydi, «Zirə» turnir cədvəlinin liderlər qrupunda açıq-ara sıxışmazdı.

Hücum xəttinin ondan qeyri lideri olmadı keçən müddətdə. Nə Yeqor Boqolmolski, nə Junior Martins, nə başqası. Volkovun yeri başqadır bu komandada.

Nə zaman ki o, meydanda olur, «Zirə»nin üçüncü zonası «diri» təsir bağışlayır.

Nə zaman ki o, kənarda qalır, Rəşad Sadıqov daxilən ürək-göbəyini yeyir, həyacandan yerində qala bilmir, vurnuxur.

Qapanmış, bəzən 9, bəzən 10 nəfərlə müdafiəyə çəkilən komandaya qol vurmaq müşkülün müşkülüdür.

«Karvan» belə götürəndə, iddialılara tərs rəqibdir. Onunla oynayanda bilməlisən ki, irəli atılmayacaq, boş zona yaratmayacaq, arada-bərədə əks-hücuma keçməklə kifayətlənəcək.

Bu, zəhlətökən təklif və modeldir. Əsəblərini möhkəm tutmalı, xırda bir boşluqdan istifadə edib, məqsədinə çatmalısan, başqa şey düşünmə.

«Zirə» Volkovla edə bildi bunu.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti