“Zirə”nin Yeqor Boqomolskini “Ural“a icarəyə verməsini az öncə xəbər vermişdik
. Belaruslu hücumcu mövsümün ikinci yarısını Rusiyanın birinci liqasında keçirəcək.
Saytımız tərəflər arasında razılaşmaya dair bəzi yeni məlumatlar əldə edib.
Redaksiyamıza məlum olub ki, qəsəbə təmsilçisi 26 yaşlı forvardı şimal ölkəsinə göndərməklə qazanc əldə edib.
«Ural» 5 aylıq icarə qarşılığında «qartallar»a 65-70 min dollar civarında ödəmə edəcək. Həmçinin ruslar Boqomolskini birdəfəlik satın almaq hüququna yiyələnib.
«Sabah»dan yaxşı tanıdığımız Vasili Berezutskinin çalışdırdığı klub belaruslunun çıxışından razı qalarsa, yayda onunla birbaşa müqavilə imzalayacaq. Bu halda isə «Zirə» daha böyük miqdarda təzminat alacaq.
«Qartallar» sözügedən forvardı ötən ilin iyununda “Neftçi“dən sıralarına qatıb. O, 3 il formasını geyindiyi “ağ-qaralar“la vidalaşaraq, “Zirə“ ilə 2 illik müqavilə imzalayıb.
Boqomolski karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo” (Brest), “Rux” və “Minsk”də də çıxış edib.
SPORTİNFO.AZ

