«Zirə» yeni ilin gəlişindən sonra ilk qələbəsini Sumqayıtda qazandı.
60 dəqiqəsi maraqlı olan bir oyunda ev sahiblərinə qalib gəldilər.
Rəşad Sadıqov alababat bir hücumçunun, Davit Volkovun ümidinə qalıb. O da 4 aylıq aranı ötürdü, təzə sıraya dönüb.
Bununla belə, 3 dəfə fərqləndilər. Maraqlı haldır.
Enrike Kustodio adlı bir legioner var «Zirə»də. Rəsmi sənədlərdə müdafiəçi kimi qeydiyyata alınıb. Amma Sadıqov bu braziliyalını yarımmüdafiədə oynadır, sol cinahda.
Georgi Papunaşvilinin son dəqiqələrdə vurduğu üçüncü qolun da ötürməsini o etdi. Kustadio bir qədər artırsa, buradan başqa yerə yox, elə «Qarabağ»a gedə bilər.
Rəşad Sadıqova təxmin edin ki, kim lazımdır! Mən onun adını bilirəm. Velko Simiçdir o.
«Sabah»ın «Sivasspor»dan icarəyə götürdüyü bu serbiyalı Sadıqovun sərəncamında olsaydı, «Zirə» də birbaşa çempionluq uğrunda mübarizə aparardı.
Simiç Premyer Liqanın «yem»idir. Hər dərdə dərmandır. Hücumun arxasında və mərkəzində ideal təsir bağışlayır.
Sadıqov Simiç ağlında, Simiç səviyyəsində birini tapsaydı var ha, heç hücumçu dərdi çəkməzdi. Əsl nehrə yağıdır, çək çörəyin üstünə, ye getsin!
ELXAN

