“Qarabağ”ın əsas rəqibindən qələbə avazı gəlir – Bu oyunu qaçırmaq olar?

16:20 Zirə 139
“Qarabağ”ın əsas rəqibindən qələbə avazı gəlir – Bu oyunu qaçırmaq olar?

Turun ən səs-küylü qarşılaşması Zirədə gerçəkləşəcək.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan qəsəbənin eyniadlı komandası çempionluğa iddiasını ortaya qoyan “Sabah”ı qəbul edəcək.

Söz bu iki komandadan düşəndə, ilk dövrədəki oyun və nəticə gözlər önündə canlanır. “Sabah” öz meydanında qəbul etdiyi zirəliləri sözün əsl mənasında meydana çıxmağa peşman etmişdi.

8-ci turda baş tutan oyunda meydanda ağalıq edən “tələbələr” ilk hissədə vurulan 2, ikinci yarıda vurulan daha 1 qol sayəsində 3:0 hesablı parlaq qələbəni bayram etmişdi.

Ümumiyyətlə, komandalar arasındakı statistik göstəricilərdəki üstünlük “Sabah”ın xeyrinədir.

2018-ci ildən bu yana 28 dəfə üz-üzə gələn kollektivlərin 11 duelində ölkə kubokunun son qalibi qələbəyə sevinib. “Qartallar” isə 8 dəfə 3 xalı bayram edib. Yerdə qalan 9 qarşılaşmada xallar yarı bölünüb.

“Zirə”nin sonuncu dəfə “Sabah”ı nə vaxt məğlub etdiyini bilirsinizmi? Düz ilyarım bundan əvvəl, 2024-cü ilin avqustun 11-də. O gündən bu günə baş tutan 4 şəxsi görüşün 3-ü eyni hesabla – 1:1 başa çatıbsa, sonuncu dueldə “tələbələr” 3:0-a sevinib.

Daha bir maraqlı fakt “Zirə”nin prinsipial rəqibini öz meydanında sonuncu dəfə 2023-ci ilin avqustunda məğlub etməsidir. Həmin tarixdən indiyə qədər qəsəbədə baş tutan 3 matçın 2-si bərabərliklə nəticələnib, 1-də “Sabah” sevinən tərəf olub.

Turnir cədvəlindəki vəziyyət hər iki komandanın 3 xal uğrunda mübarizəyə məcbur edir.

Ötən həftə “Qarabağ”la 4 xallıq fərq yaradaraq ilk pillədəki yerini bərkidən Valdas Dambrauskasın yetirmələri növbəti qələbə sayəsində yoluna inamla davam etmək istəyir.

“Neftçi”ni uda bilmədiyinə görə “Turan Tovuz”u özündən irəli buraxan “Zirə” artıq “Sumqayıt”la “Araz-Naxçıvan”ın “nəfəsini hiss etməkdədir”. Bu həftəki mümkün məğlubiyyət Rəşad Sadıqovun başlışıq etdiyi komandada vab-havanı gərginləşdirə bilər.

Yeri gəlmişkən, meydan sahibləri son 4 oyunda qələbə qazana bilməyib. Zirəlilərin üzü sonuncu dəfə noyabrın 28-də “Kəpəz” üzərində 2:0 hesablı qələbədən sonra gülüb.

“Sabah”a gəlincə, vəziyyət sözün hər mənasında “güldür”. “Qarabağ”ın çempionluq yolundakı əsas rəqibi son 6 qarşılaşmanın hamısını qələbə ilə başa vurub. Bu matçlarda rəqib qapılarından 17 top keçirməklə öz qapısından cəmi 4-nü buraxıb.

Bir sözlə, ümumi vəziyyət qonaqların qələbə qazanacağından xəbər verir. Həqiqətin necə olduğunu təbii ki, 90 dəqiqənin tamamı göstərəcək.

Yanvarın 31-də keçiriləcək qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti