«Zirə» 2026-cı ilə cəmi 1 yeni oyunçu ilə «salam» söylədi.
Rüfət Abdullazadəni «Varajdin»dən icarəyə götürməklə kifayətləndilər.
Güman ki, daha transfer olmayacaq. Pul qalmayıb, şikayətlənirlər.
Büdcənin çəkisi azalıb, digər tərəfdən, yeni legionerlərin qeydiyyata alınması üçün ikiqat üzvlük haqqı ödənilməsi tələb olunur.
Klub rəhbərliyinin əli aşağıdır və belə vəziyyətdə güc yenə Rəşad Sadıqovun çiyinlərinə düşür.
Heç olmasa, bir hücumçu… Bu hadisənin baş verməsi üçün Sadıqova dualar da kömək etməz artıq.
Maliyyə konteksində havanın rəngi doğrudan da, tutqundur.
«Zirə» bu dar macalda tələm-tələsik iki-üç nəfəri normal qiymətə satmalıdır ki, yerinə səviyyəli hücumçu gətirə bilsin. Belə baxanda, «Zirə» də babat pula gedəsi kim var ki?
Yaddaşımızı qurdalamağa dəyməz.
«Neftçi» ilə oyunda ilk qolu kim vursaydı, o da 3 xalı aparacaqdı. «Zirə» hər iki hissədə hesabı açmaq imkanı əldə eləsə də, arzuladığını həyata keçirə bilmədi.
İki Junior Martins bir Davit Volkov eləmir.
Beş Yeqor Boqomolski isə heç Volkovun bir ayağı eləmir.
Tərslikdən gürcüstanlı hücumçu da zədə üstünə zədə alır, dörd ay ötüb, hələ də yaşıl sahəyə qayıda bilmir.
ELXAN

