“Neftçi” – “Zirə” qarşılaşması xüsusən Yeqor Boqomolski üçün əlamətdar idi.
Belaruslu hücumçu 3,5 il şərəfini qoruduğu komandaya qarşı ilk dəfə “Palms Sports Arena”da rəqib qismində oynayırdı.
Yeqor ikinci yarıda meydana çıxsa da, ciddi mənada heç nə ilə yadda qalmadı.
Matç başa çatandan sonra isə Sportinfo.az-ın suallarını cavablandırdı.
- Qolsuz bərabərə qaldığınız matçı necə şərh edə bilərsən?
- Fikrimcə, bərabərsəviyyəli oyun oldu. Bəzi anlarda biz, bəzi hissələrdə “Neftçi” üstünlüyə malik oldu. Hər iki komanda qol imkanları yaxaladı. Azarkeşlər mübarizəli və gərgin matç izlədilər. Bərabər səviyyədə keçən qarşılaşmada heç-heçəni ədalətli nəticə hesab edə bilərik.
- “Neftçi”yə qarşı hansısa prinsipiallıq və ya xüsusi hiss var idi?
- Bəlkə də ilk oyunda qəribə hislər var idi. Lakin cari mövsümdə keçmiş komandama qarşı üçüncü dəfə oynadım. Ona görə də xüsusi nəsə deyə bilmərəm.
- “Neftçi”nin meydanında ilk dəfə rəqib qismində oynadın...
- İstənilən halda xüsusi nəsə olduğunu deməzdim. Layiqli rəqibə qarşı yaxşı futbol oynadığımızı düşünürəm.
- Qələbə qazanmağınıza nə mane oldu?
- Qol vura bilməmək. Belə oyunlarda ən kiçik imkanı belə, qola çevirmək lazımdır.
- “Neftçi” bu gün necə görünürdü?
- Bir neçə ay əvvəllə müqayisədə bu dəfə yaxşı idi. İnkişaf hiss olunur. Xüsusən fiziki planda artırdıqlarını deməliyəm.
HƏBİB

