"Zirə" Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Səfərdə "Neftçi"yə qarşı oynayırdıq, onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi.
- Qışa qədərki "Neftçi"yə qarşı oynamaq çətin idi, yoxsa bugünkünə?
- Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün "Neftçi" aqressiv pressinq tətbiq edirdi. Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi.
- Rüfət Abdullazadənin toplanışa qoşula bilməməsi ona nə dərəcədə təsir edəcək?
- Çox istəyərdik ki, hazır olsun. Amma başa düşürdük ki, son turlarda az oynayıb. Toplanışda bizimlə olmasını istəyərdik. Müəyyən problemlərə görə bizimlə ola bilmədi.
- Adətən komandalar mövsümün ikinci yarısında mübarizəyə daha hazır olmaq üçün heyəti genişləndirir, gücləndirir. Bu mövsüm isə klublarımız qış transfer bazarında aktivlik göstərmədi. Bunu nə ilə əlaqələndirirsiz?
- Bir çox səbəblər ola bilər. Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir. Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında oynayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara. Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil.
- "Zirə" bu gün meydana qələbə üçün çıxmışdı, yoxsa heç-heçə üçün?
- "Zirə" qələbə qazanmaq istəyirdi. Amma başa düşürdük ki, qarşımızdakı rəqib "Neftçi"dir. Çox təcrübəli baş məşqçi dəvət ediblər. 3-4 həftə vaxtı var idi ki, komandanı bizimlə oyuna hazırlasın. Mütləq qalib gəlmək istəyirdik. Turnir cədvəlini nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil.
- Üçüncü pillə sizi razı salır?
- Bəli, razı salır.

