«Bir futbol klubu üçün bu, elə də uzun müddət deyil».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin Müşahidə Şurasının sədri Orxan Məmmədov deyib.
2014-cü ildən fəaliyyət göstərən, ötən müddət ərzində ölkədaxili müxtəlif uğurlu nəticələrə imza atan klubun rəhbəri söyləyib:
«Bildiyiniz kimi, biz Premyer Liqaya çıxdığımız ilk mövsümdə ikinci yeri tutmuşuq. Bu, klubumuz üçün böyük uğur idi.
Komandamız son iki ili də ikinci yerdə bitirib. Biz bununla fəxr edirik.
Keçən mövsüm Avropa Liqasında mərhələ adladıq, Konfrans Liqasında «pley-off»adək irəlilədik. Bu, komandamızın - məşqçi korpusu və futbolçuların birlikdə əldə etdiyi nailiyyətdir.
Rəşad Sadıqov 2020-ci ildən bəri baş məşqçimizdir. Onun Azərbaycan futbolunda qoyduğu iz hamıya məlumdur.
Rəşad Sadıqov artıq məşqçi kimi püxtələşib. Burada gördüyü işi yüksək qiymətləndiririk.
Əminəm ki, bu uğurun davamı olacaq. Düşünürəm ki, biz daha böyük uğurlar qazana bilərik».

