"Real"ın ulduzu Azərbaycanda oynayan legionerlə… Hər şeyi "Sportinfo"ya dedi

6 May 2022 16:00 Zirə 914
"Real"ın ulduzu Azərbaycanda oynayan legionerlə… Hər şeyi "Sportinfo"ya dedi

“Zirə”nin cari mövsümdə uğurlu çıxışında Hamidu Keyta xüsusi pay sahibidir.

Komandaya qış fasiləsində qoşulan Seneqal əsilli fransız futbolçu geridə qalan 14 oyunda 6 qol vurub, 2 qolun ötürməsini verib.

Yaxın keçmişdə Rumıniya və Portuqaliyanın yüksək dəstələrində çıxış edən 28 yaşlı hücumçu “qartallar”a mövsümün əvvəlində qoşulsaydı, bəlkə də daha artığını edərdi.

Fərdli reydləri və öldürücü zərbələri ilə “qartallar”ı çiyinlərində daşıyan Keyta ilə müsahibənin zamanı yetişdiyindən, “14 nömrə” ilə söhbətləşməyi qərara aldıq.

-Yeni ölkə, yeni mühit, yeni komanda. Azərbaycanda özünü necə hiss edirsən?

- Çox yaxşı. Hətta əla deyə bilərəm. Bakıya gəldiyim 4 ay olsa da, komandaya və ölkəyə çox tez uyğunlaşdım. Burada insanlar mehriban və qonaqpərvərdir. Bakı haqda da yalnız xoş sözlər söyləmək olar. Şəhərin təmizliyini, müasirliyini və ən əsası təhlükəsizliyini mütləq qeyd etməliyəm. Əsas odur ailəm və mən özümüzü rahat hiss edirik.

- Komandaya bu dərəcədə tez uyğunlaşacağını gözləyirdin? Necə baş verdi?

- Hər şey düşdüyün mühitdən və sənə olan münasibətdən asılıdır. Getdiyin yerdə sənə xoş münasibət bəslənirsə, təbii ki, çətinlik çəkmədən uyğunlaşacaqsan. Məşqçilər heyəti ilə futbolçu yoldaşlarım mənə gülərüzlə qarşılayıb, əhvalımın daim yaxşı olması üçün çalışdılar. İndi özümə güvənirəm və rahatlıq tapıram. Çünki ətrafımdakılardan dəstək görürəm.

-Bura gələnə qədər ölkəmiz və futbolumuz haqda nə kimi məlumatlara sahib idin?

- Desəm ki, çox şey bilirdim, yalan olar. Yalan danışmağı xoşlamıram. Azərbaycan futbolu haqda təəssüratım yalnız “Qarabağ”dan ibarət idi. Avrokubok oyunları zamanı bu komandanın adını tez-tez eşidir, əzmkar komanda olduğunu bilirdim.

- Səni həm mərkəz, həm də cinah hücumçusu kimi görürük. Hansı mövqedə özünü daha rahat hiss edirsən?

- Futboldakı ilk illərimdə hücumçu kimi oynayırdım və etiraf edim ki, pis alınmırdı. Lakin sonradan vinger kimi oynamağa başladım. Düzünü desəm, boş sahə qazanmaq və topla driblinqlər etmək xoşuma gəlir. Ona görə də sol vinger kimi daha rahatam.

- “Zirə”də 14 oyunda 6 qol vurmağı bacarmısan. Bu göstəricini yaxşı hesab etmək olar?

- Buna görə ilk növbədə mənə güvənən məşqçilər heyətinə və meydanda rahatlığımı təmin edən komanda yoldaşlarıma təşəkkür edirəm. Qol vurub, ötürmə verirəmsə, bunda hamının zəhməti var. Heç vaxt faktiki göstəricidən razı qalmıram. Çünki daha artığını edə biləcəyimi düşünürəm və buna cəhd edirəm. Qarşıda bizi çempionatda vacib matçlar və kubokun final qarşılaşması gözləyir. Daha çox qol vurmaq, daha çox qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Ölkə kuboku demişkən, həlledici görüşdə rəqibiniz çempion “Qarabağ” olacaq. Kuboku başınızın üzərinə qaldırmaq nə dərəcədə real görünür?

- Razıyam, “Qarabağ” kifayət qədər güclü rəqibdir. Amma final matçları elədir ki, burada təkcə keyfiyyət və təcrübə rol oynamır. Bəzən istək və motivasiya ilə hədəfə çatmaq olur. Titul qazanmaq üçün istəkliyik. Fikrimcə, titulu əldə etmək üçün hər iki komandanın şansı var.

- “Havr”, “Oser”, “Sent-Etyen”də oynadığın müddətdə sonradan ulduza çevrilən bir çox məşhur futbolçularla komanda yoldaşı olmusan. Onlardan kimlərlə əlaqən qalıb?

- Bəli, indi kifayət qədər tanınan futbolçularla oynamışam. Lakin heç də hamısı ilə danışmıram. Bu gün Ferland Mendi (“Real”ın müdafiəçisi) və Brahim Konate ilə (“Fuenlabrada”nın yarımmüdafiəçisi) əlaqəm var.

- Mendi ilə danışır, görüşürsən?

- Əlbəttə. Mütəmadi əlaqə saxlayırıq, söhbətləşirik. Həmişə olmasa da, bəzən bayramları da birlikdə keçiririk. Uzun illərin dostlarıyıq və çox yaxşı münasibətimiz var.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!