Rəşad Sadıqov: "Xal itirmək "Neftçi"nin planlarına daxil deyil"

15 Aprel 2021 17:00 Zirə 924
Rəşad Sadıqov: "Xal itirmək "Neftçi"nin planlarına daxil deyil"

"Hər şey qaydasındadır. Növbəti çempionat oyununa çıxacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXIII tur matçı haqda deyib.

39 yaşlı mütəxəssis komandası üçün sıx qrafkin məhz "ağ-qaralar"a qarşı görüşlə başlayacağını bildirib: "Səfərdə oynayacağıq. "Neftçi" çempionluğa iddialı komandadır. Öz meydanında xal itirməməyə çalışacaq. Biz də əlimizdən gələni edərək, qarşılaşmadan xal və ya xallarla ayrılmaq istəyirik".

Sadıqov "Neftçi"nin son iki ildə "Zirə"nin qapısına qol vura bilməməsinin komandasına əlavə üstünlük vermədiyini söyləyib:

"Bunu birinci dəfədir ki, eşidirəm. Məsələni bilmirdim. Bu, bizə növbəti oyunla bağlı əlavə üstünlük vermir. Hər oyunun ayrı hökmü var.

Biz növbəti matça hazırlaşırıq və 2-3 oyun qol buraxmamaq və qələbə qazanmaq tabloda əlavə üstünlük vermir. Oyunu ciddiyə alırıq.

Bilirik ki, "Neftçi" də çox istəklidir, çox yaxşı formadadır və çempionluq üçün mübarizə aparırlar. Xal itirmək onların planlarına daxil deyil. Bizi necə oyun gözlədiyini anlayırıq. Əlimizdən gələni edəcəyik ki, rəqibə layiqli mübarizə göstərək" (report).

Aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.

Xəbər Lenti