“Bizim uğurumuza kölgə salmaq yaxşı hal deyil“

2 İyul 2020 21:20 Sumqayıt 594
“Bizim uğurumuza kölgə salmaq yaxşı hal deyil“

“Ötən il kubokun finalına yüksəlməklə şəhərin futbol tarixində ilkə imza atdıq“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt“ın kapitanı Vurğun Hüseynova məxsusdur.

“Kimyaçılar“ın müdafiəçisi Avropa Liqasına vəsiqə qazanmaqlarının təsadüfi olmadığını bildirib: “Həmin vaxt da avrokuboklara vəsiqə qazanacağımıza ümid edirdim. Ancaq görünür, qismət deyilmiş.

Bu il isə bunu bacardıq. Həm “Sumqayıt” ilk dəfə qitə arenasında debüt edəcək, həm də mən futbolçu kimi Avroliqa həyəcanı yaşayacam. Bir futbolçu kimi mənim üçün bundan yaxşı heç nə ola bilməz.

7 ildir bu komandadayam. Həm futbolçu, həm də bir kapitan kimi hər zaman faydalı olmağa çalışmışam. Son iki ildə qazandığımız uğurlarda baş məşqçimiz Ayxan Abbasovun zəhmətinin olduğunu xüsusi vurğulamaq lazımdır. Onun rolu danılmazdır.

Təbii ki, bizə həmişə dəstək olan rəhbərliyi də unutmaq olmaz. Rəhbərlik, məşqçilər heyəti və futbolçular arasındakı vəhdət uğurumuzda böyük rol oynadı.

Bəziləri deyir ki, “Sumqayıt” avrokuboklara yollandığına görə pandemiyaya minnətdar olmalıdır. Niyə belə düşünürlər, mənə çatmır. Guya çempionat davam etsəydi, biz turnir cədvəlində yerimizi qoruya bilməyəcəkdik.

Ehtimallar üzərindən danışmaq düz deyil. Nə bilirsiz, bəlkə vəziyyətimizi daha da yaxşılaşdırıb mükafatçılar sırasına düşəcəkdik. Komandanın potensialı buna imkan verir. Onu da unutmayaq ki, kubokun da yarımfinalındaydıq. Odur ki, bizim uğurumuza kölgə salmaq yaxşı hal deyil.

Daim bizimlə birgə olan azarkeşlərimizi də təbrik etmək istəyirəm. Bizim nailiyyətimizdə onların da danılmaz əməyi var. Nəinki oyunlarda, məşqlərdə belə bizi tək buraxmadılar, daim dəstək oldular. Ümid edirəm ki, birlikdə hələ çox qələbələri bayram edəcəyik”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı