COP29

GÜNDƏM! "Sumqayıt" istədiyini "Qəbələ"dən qopara biləcəkmi?

25 May 14:00 Sumqayıt 567
GÜNDƏM! "Sumqayıt" istədiyini "Qəbələ"dən qopara biləcəkmi?

“Sumqayıt” tarixində 3-cü dəfə avrokuboklara gedə bilər.

Son tur, son şansdı. Əla mövsüm keçirən Samir Abasovun komandası haqq etdiyi uğuru əldə etmək üçün bir qələbəyə ehtiyacı var. Komandanın taleyi öz əlindədir, rəqiblərdən asılılıq sıfıra bərabərdir.

Rəqib Premyer Liqanın aşkar autsayderi “Qəbələ”dir. Doğma publika önündə oynayacaq “Kimyaçılar”ın şansları kifayət qədər böyükdür.

“Açı qapı” elan olunduğundan tribunaların tam dolacağı ehtimal olunur. Belə şərtlər altında meydan sahibləri mövsümün gedişində “Qarabağ”, “Neftçi” kimi komandalara belə şans tanımayıb.

Rəqiblə aradakı son matçların nəticələri də ürəkaçandır. Son 3 matçda bölgə klubu qələbəyə həsrətdir. “Gənclik şəhəri” 2023/24 mövsümünə təsadüf edən 3 qarşılaşmadan ikisində qalib gəlib, birində qolsuz bərabərlik qeydə alınıb.

Halbuki bu mövsümə kimi 2 ildən artıq idi“Sumqayıt” “qırmızı qaralar”a qalib gələ bilməmişdi. Sumqayıt təmsilçisi bu sezon tilsimi qırıb, uğurlu seriya yaxalaya bilib. Qalır davam etdirmək.

Gördüyünüz kimi, meydan sahiblərini qələbəyə apara biləcək müsbət məqamlar yetəri qədər var. Amma narahatlıq saçan hadisələr də yox deyil.

İlk öncə onu qeyd etməliyik ki, son turlar “Sumqayıt” özünə bənzəmir. Futbolçularda təlaş hiss olunur. Bu bəlkə də heyətin avrokuboklar uğurunda mübarizədə təcrübəsiz olmasından irəli gəlir.

Hər halda “Kəpəz”lə son saniyədə əldən verilən qələbə, “Sabah”la oyunda buraxılan ucuz avtaqol belə düşünməyə ciddi əsas verir.

Heç “Səbail” üzərində qələbə əldə olunan oyunda da göstərilən oyun ürəkaçan olmamışdı.

Heyətdə ciddi itkilər var. Mövsüm ərzində istifadə etdiyi əsas “onbirlik” Abasovun sərəncamında olmayacaq. Elvin Bədəlov vərəqə cəzalısı olduğu üçün matçı tribunadan izləməli olacaq.

Son oyunda ciddi xəsarət alan Rövlan Muradovun oynamaq şansı da çox aşağıdır. Hər iki futbolçu da bugünkü “Sumqayıt”ın açar oyunçularından hesab olunur. Yoxluqları boşluqlara mütləq yol açacaq.

Bundan başqa sonuncu pillədə olan, mövsümün sonu Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Qəbələ”nin son turlardakı nəticələrini unutmaq olmaz.

Kaxaber Tsxadadzenin yetirmələri 3 oyundu qələbə qazanır. Büdrədilən kollektivlər arasında “Sabah” kimi iddiaları davam edən rəqib belə var.

Deməli, ehtiyatlı olmaq şərtdir. Kiçik səhv böyük fəsadlara yol aça bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"