Azərbaycanda təmirdən yeni çıxan arenaya qayıtmaq üçün bundan gözəl fürsət?

28 Noyabr 2023 19:40 Sumqayıt 928
Azərbaycanda təmirdən yeni çıxan arenaya qayıtmaq üçün bundan gözəl fürsət?

"Sumqayıt"ın bu mövsüm Premyer Liqada işləri pis getmir.

Komanda 14 turdan sonra topladığı 22 xalla 3-cü pillədə qərarlaşıb.

Samir Abasovun yayda formalaşdırdığı kollektiv məzmunlu oyunu ilə də diqqət çəkir.

Əbəs deyil ki, azarkeşlər də artıq ev oyunlarına daha çox gəlməyə başlayıb.

Düzdü, "Kapital Bank Arena"da "kimyaçılar" hər zaman azarkeş dəstəyini hiss edib.

Lakin adətən tribunalar adlı-sanlı rəqiblər qonaq olanda tam olaraq dolu olub.

Bu dəfə rəqib nə "Neftçi", nə də "Qarabağ" idi.

Premyer Liqanın 14-cü turu çərçivəsində "Zirə" Sumqayıta təşrif buyurmuşdu.

Arenanın giriş qapılarına yaxınlaşanda təəccübləndim.

Daha çox "Qarabağ" və "Neftçi" ilə matçlarda şahid olduğum mənzərə ilə üz-üzəydim.

Qapılar çox sayda azarkeşin üzünə bağlanmışdı. Səbəb isə tribunların tam olaraq dolması idi.

"Kapital Bank Arena"nın 5-10 metrliyində yerləşən 10 minlik arena isə hazır vəziyyətdə, qapısı bağlı bu azarkeşlərin yolunu gözləyir.

Söhbət yenicə təmirdən çıxan, ölkə başçısı Cənab İlham Əliyevin bir müddət əvvəl açılışında iştirak etdiyi Mehdi Hüseynzadə adına şəhər stadionundan gedir.

Tarixi məkana dönüş üçün əsl məqamdır.

Komanda yaxşı qrafik cızıb, baxımlı futbol oynuyur, turnir cədvəlində də ürəkaçan mənzərə var.

Tribunlarda azarkeş sayı isə hər keçən gün çoxalır.

Ümid edək ki, cavabdeh şəxslər bu mənzərədən sonra hərəkətə keçər.

Və çox yaxın zamanda "Sumqayıt" təkcə "Kapital Bank Arena"nın tribunalarına sığan yox, həm də qapılar arxasında qalan çox sayda tərəfdarın önündə rəqiblərini qonaq edəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"