Azərbaycan millisinin keçmiş hücumçusu “Napoli”də oynayan oğlunun yeni eşqindən danışdı - FOTO

3 Dekabr 2023 00:50 Sizdən Bizə 3 474
Azərbaycan millisinin keçmiş hücumçusu “Napoli”də oynayan oğlunun yeni eşqindən danışdı - FOTO

Sportinfo.az xəbər verir ki, Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya “Napoli”də oynasa da, “Real Madrid”ə xüsusi məhəbbəti var.

İnsayder Fabritsio Romanonun məlumatına görə, bu barədə Xviçanın atası, Azərbaycan milli komandasının keçmiş oyunçusu Badri Kvaratsxeliya bildirib.

“Napoli” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Madrid komandasına 2:4 hesabı ilə uduzub.

“Xviça üçün Madrid “Real”ı ilə oyun xüsusi idi. Ailəmdə məndən başqa hamı “Real”ı dəstəkləyir. Xviça həmişə “Real Madrid”də oynamaq arzusunda olub və hələ də arzusundadır. Mən buna tam əminəm”, - deyə Badri Kvaratsxeliya vurğulayıb.

X.Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 19 oyun keçirib. O, bu oyunlarda dörd qol vurub və dörd məhsuldar ötürmə edib.

Futbolçunun “partenopeyalı”larla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 85 milyon avrodur.

Bundan əvvəl Madrid “Real”ının Xviça Kvaratsxeliya ilə maraqlandığı bildirilirdi.

Yeri gəlmişkən, qeyd edək ki, məşqçi Badri Kvaratsxeliya peşəkar futbolçu kimi karyerasını Gürcüstanda “Dinamo Tbilisi” klubunda başlayıb. 1992-93-cü il mövsümündə Gürcüstan çempionluğunu qazanıb, daha sonra başqa klublarda oynayıb.

1999-cu ildə Azərbaycana gələrək Gəncənin “Kəpəz” klubunda oynayıb. Çıxış etdiyi ilk mövsümdəcə ən çox qol vuran oyunçu olub. Daha sonra isə “Şəmkir” klubuna keçib.

2004-07-ci illərdə Gürcüstanın “Sioni” klubunda köməkçi-məşqçi, 2008-ci ildə “Standard” klubunda (Bakı) Kaxa Tsxadadzenin köməkçisi, 2009-cu ilin fevralından iyun ayına kimi isə klubun baş məşqçisi olub.

2011-ci ildə Tsxinvalinin (Gürcüstan) “Spartak” klubunun baş məşqçisi, 2012-ci ildə isə Azərbaycanın “Qəbələ” klubunda baş məşqçinin köməkçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI