“Əliyev, Ərdoğan və Baxçalının Şuşaya birgə səfəri tarixi hadisə olacaq”

24 Fevral 2021 20:10 Sizdən Bizə 1 321
“Əliyev, Ərdoğan və Baxçalının Şuşaya birgə səfəri tarixi hadisə olacaq”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalının Şuşada açmaq istədiyi məktəbin təməlqoyma mərasimində onun özü ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Tqürkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi bildirilir.

Şübhəsiz ki, işğaldan azad edilən torpaqlarda, xüsusən də Şuşada belə bir təntənəli mərasimin keçirilməsi böyük hadisədir.

Eyni zamanda bu, 44 günlük II Qarabağ savaşındakı möhtəşəm qələbəmizi rəsmiləşdirən 10 noyabr tarixindəki üçtərəfli anlaşmadan sonra uğurumuza kölgə salmağa cəhd edənlərə, “Rus gəldi, Qarabağı işğal etdi” demoqojisinə ən tutarlı cavabdır. Çoxları hesab edir ki, bir məktəbin açılışında iki qardaş ölkənin rəhbərlərinin iştirak barədə qərarlarının arxasında ciddi mesajlar yatır...

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, artıq işğaldan azad edilmiş müqəddəs Vətən torpaqlarımıza böyük qayıdış başlayıb: “Bu mühüm tarixi hadisə xalqımızın illərdən bəri həsrətlə gözlədiyi hadisə idi. Hələ 44 günlük müharibə vaxtı Azərbaycan bəyan etmişdi ki, biz işğaldan azad edilmiş torpaqlarımızı dirçəldəcəyik, ora həyat verəcəyik və bu prosesdə bizim yanımızda dostlarımız və qardaşlarımız olacaq. Qürur hissi ilə deyə bilərik ki, biz hazırda məhz o günlərə qədəm qoymuşuq və müharibə dövründə olduğu kimi, sülh və quruculuq dövründə də qardaş Türkiyə yanımızdadır. Elə Milliyyətçi Hərəkat Partiyasının lideri, hörmətli Dövlət Baxçalının təşəbbüsü ilə Şuşada tikiləcək məktəbin təməlqoyma mərasiminin keçirilməsi perspektivini də bu kontekstdə qiymətləndirmək lazımdır. Məktəb hər şeydən öncə maarifləndirmə, təlim-tədris, təhsil, mədəniyyət və sülh deməkdir. Bu mənada hörmətli Dövlət Baxçalının təşəbbüsü olduqca təqdirəlayiq hadisədir və Azərbaycan tərəfindən də çox diqqət və təqdirlə qarşılanmaqdadır. Bu həm də onun göstəricisidir ki, Türkiyə və Azərbaycanın bütün səyləri regionumuzda sülhə, tərəfdaşlığa və əməkdaşlığa hesablanıb.

Dövlət Baxçalının Şuşada tikdirəcəyi məktəb belə olacaq - FOTO

Ona görə də düşünürəm ki, Şuşada hər şeydən öncə məktəbin inşa edilməsi bütövlükdə regionun gələcəyi və postmünaqişə mərhələsi üçün yaxşı bir mesajdır və iki qardaş ölkənin xoş məramının göstəricisidir. Eyni zamanda biz bilirik ki, bəzi radikal digər maraqlı qüvvələr daima Azərbaycanın əldə etdiyi tarixi zəfərə və qələbəmziə kölgə salmaq üçün real vəziyyəti manipuliyasiya edərək ictimai rəyi yanlış əsaslarda formalaşdırmağa çalışırlar. Bu cür informasiya təxribatlarının bir istiqaməti də hazırkı vəziyyətdə Rusiyanın prosesdə iştirakçılığını yanlışlıqla şərh etməklə bunu təhrif edilmiş şəkildə gündəmə gətirməkdən ibarətdir. Bu cür yanaşmalar əsla bizim lehimizə deyil. Azərbaycan bütün hallarda kiminlə necə tərəfdaşlıq edəcəyini özü seçir və bu yalnız milli maraqlarımızın realizə olunmasına xidmət edir”.

Bağçalının Şuşada tikdirəcəyi məktəb BELƏ OLACAQ - FOTO - son xeberler

Siyasi şərhçi Əhəd Məmmədli bunun böyük bir tarixi hadisə olduğunu qeyd etdi: “Əvvəla, onu deyim ki, 10 noyabr anlaşmasından sonra Azərbaycan daxilində müəyyən qüvvələr belə fikir ortaya atdılar ki, biz Qarabağa rusları buraxdıq. Bəzi dostlar unudur ki, biz bunu etmədik, əksinə, nəinki 30, yüz illiklərlə Qarabağda olan ruslardan 85% ərazimizi azad etdik. İndi əsas davamız yerdə qalan 15% olmalıdır. Biz bu ərazilərə də nəzarət etməyə çalışmalıyıq. Rusiyanın gücünü bütün dünya bilir. Biz kiçik ölkəyik. Bəziləri bilərəkdən belə fikirlər gündəmə yeritməyə çalışırlar. Bəzən də bilməyərəkdən bunu edir və səhv düşüncələrinin əsirinə çevrilirlər. Qarabağ bizimdir, Şuşamız bizdədir. Bu böyük uğura heç bir halda kölgə salmaq olmaz. İnşallah, yerdə qalan ərazilər də bizim nəzarətimizdə olacaq. İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalının Şuşada görüşünün olması çox böyük bir tarixi hadisə olacaq. Orada MHP ülküçülərə qərargahın açılması da düzgündür. Dövlətin bu məsələdə digər fikirləri var. Bunlar dərin düşünülmüş siyasətdir. Bina açılması ilə iş bitmir. Hər halda, hər şeyi açıb demək mümkün deyil. Türk kimliyi Qarabağda nə qədər güclənəcəksə, bizlər ora daha çox qayıdacağıq. Amma provokasiyalara uymamalıyıq. Sonuncu dəfə Xankəndində ermənilərin qondarma rejimin ”müstəqilliyini" qeyd etmələri və həmin tədbirdə rus keşişin iştirakı ilə bağlı soyuqqanlı hərəkət etməliyik. Düzdür, rus tərəf həmin keşişi oradan göndərəcəyini deyib, amma istənilən halda ruslara anlatmalıyıq ki, bu belə davam edə bilməz, belə davam edərsə, məsələ münaqişə formatına yenidən qayıda bilər. Eyni zamanda bu məsələdə ruslar erməniləri çox ciddi şəkildə uyarsa, yaxşı olar".

Cavanşir ABBASLI,

Digər Xəbərlər
Xəbər Lenti