“Rusiya Qarabağda özünü Abxaziya və Cənubi Osetiyadakı kimi apara bilməz”

3 Fevral 2021 09:00 Sizdən Bizə 2 109
“Rusiya Qarabağda özünü Abxaziya və Cənubi Osetiyadakı kimi apara bilməz”

“Rusiya bir çox boşluqların və anlaşılmazlıqların olduğu Dağlıq Qarabağa dair 10 noyabr üçtərəfli razılaşmasını möhkəmləndirməyə çalışır”.

Sportinfo.az xəbər verir ki, bu barədə keçmiş Qarabağ münaqişəsi üzrə ekspert, britaniyalı politoloq Tomas de Vaal Azatutyun “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüşündən və ardınca bu günlərdə üç ölkə baş nazir müavinlərinin təmasından bəhs edən Tomas de Vaalın ehtimalına görə, üçtərəfli atəşkəs bəyanatı “bir qədər tələsik imzalandığı üçün” tərəflərin hazırda yoluna qoymağa çalışdıqları bir çox həll olunmamış məsələlər var.

“Rusiyanın öz gündəmi var. Moskva sülh müqaviləsinin işləməsini istəyir. Ancaq hələ də öz həllini gözləyən bir çox məsələ mövcuddur. Məsələn, erməni tərəfdən əsirlərin taleyi. Azərbaycan isə düşünürəm ki, Rusiya sülhməramlı missiyasının dəqiq mandata malik olmamasından və Rusiyanın bölgədə birtərəfli qaydada çox iş görməsindən dolayı narazıdır”, - deyə ekspert qeyd edib.

Tomas de Vaalın sözlərinə görə, Rusiya Dağlıq Qarabağda mövcudluq qazansa da, Moskvada onların Bakı ilə də işləmək məcburiyyətində olduğunu unutmurlar, çünki Rusiya sülhməramlı missiyası 5 illiyədir və 5 il sonra missiya avtomatik olaraq uzadılmaya bilər, əgər Bakı və ya İrəvan bunu istəməsə: “Deməli, Rusiya Qarabağda özünü Abxaziya və Cənubi Osetiyadakı kimi apara bilməz. Moskva Bakı hakimiyyəti ilə də təmasda olmalı, işləməlidir”.

Konfliktoloq deyir ki, bir tərəfdən Rusiyaya sülhməramlılarını Qarabağda saxlamaq üçün bir bəhanəyə ehtiyacı var, çünki əks halda, yəni tam sülh bərqərar olacağı təqdirdə, onlar öz evlərinə qayıtmaq məcburiyyətində qalacaqlar:

“Digər yandan isə vəziyyətin müəyyən dərəcədə sabitləşməsinə Rusiyanın da ehtiyacı var. Moskva daima balans yaratmağa çalışır. Onun burada təsiri böyükdür, amma bu, çox qəliz bir oyundur və Rusiyada aparılan bu siyasətlı bağlı yəqin ki, fərqli fikirlər var.

Və əlbəttə ki, düşünürəm ki, Rusiya münaqişəyə görə məsuliyyəti ATƏT-in Minsk qrupu çərçivəsində Fransa və ABŞ ilə bölüşmək istəyir. Həm də fikrimcə, Bakı və İrəvan da Rusiyanın bu konfliktdə inhisarçı olmasını arzulamır”.

Mütəxəssisin qənaətincə, Rusiyanın kifayət qədər ağlabatan davranmalı olduğunu söyləmək ədalətli olardı, ona görə ki, Moskvanın hərəkətləri çox asanlıqla həm ermənilərin, həm də azərbaycanlıların incitməklə nəticələnə və hər iki tərəfdən sərt tənqidlə üzləşə bilər.

Rusiya, Ermənistan və Azərbaycan arasındakı üçtərəfli təmaslara gəlincə, ekspert Ermənistan və Azərbaycan nümayəndələrinin görüşlərinin Rusiyanın vasitəçiliyi ilə, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri - Fransa və Amerika Birləşmiş Ştatlarının “iqnor” edilməsi ilə reallaşmasına diqqət çəkib.

Digər Xəbərlər
Xəbər Lenti