«Səbail» dünən sonuncu pilləni tərk elədi.
Bəlkə də 1 günlük. Bəlkə də bir həftəlik. Bəlkə də axırıncı turadək.
Zakpa son saniyələrdə qələbə qolunu vurdu. 10 nəfərlə qalmış «Sabah» bunadək hesabı bərabərləşdirdi, hətta əla bir şansı da qaçırdı.
Ceyhun Nuriyevlə Namiq Ələsgərovun boşa verdiyi fraqmantin ardınca «Səbail»in yenidən fərqlənməsi autsayderlər qrupunda gedən mübarizəni bir qədər də gərginləşdirdi.
Şahin Diniyev qələbəni göz yaşları içində qeyd etdi. Adam rəsmən ağlayırdı.
Diqqət yetirdim, o, dəqiqələr öncə topdaşıyan uşaqların olduğu yerə yaxınlaşdı, yanlarında əyləşdi, hətta onlardan birinin saçını tumarladı.
Bəlkə də Yaradan bu davranışından dolayı ona və komandasına rəhm etdi, heç nədən yaranan epizodu qolla sonuclandırdı.
Burada Rauf Vəliyevin də xidmətini qiymətləndirməliyik. «Səbail»in birinci şəxsi bu qarşılaşmadan əvvəl məşqçi və futbolçuları bir yerə toplayıb onları tənbeh eləməsəydi, komanda meydanda qələbə üçün bu cür cani-dildən çalışmazdı.
Qorxu yaman pis şey imiş. Kaş bu iclası daha tez keçirərdi. Əgər Rauf Vəliyev bunlara vaxtında barmaq silkələsəydi, «Səbail» indi iki-üç pillə yuxarı qalxmışdı.
MUSA

