Bu baxışlara diqqət yetirin: gözlər göyə zillənib.
Bu gözlərdə hər şey yazılıb - hər şeyə görə Tanrıya şükürdən tutmuş ta «yoruldum, əldən düşdüm»ə kimi…
Futbol yalnız sahə, peşə, məşğuliyyət deyil, həmçinin həyatın bir parçasıdır.
Ömrünü futbola bağlamış biri olaraq Rəşad Sadıqovun kubok final matçından sonrakı həssas halını bu foto bütün çılpaqlığı ilə əks etdirir.
Tanrı üçüncü finalında da qələbənin onun almasını istəmədisə, deməli, burada bir hikmət var. Biz bəndəyik, Yaradandan çox bilməyəcəyik ki…
Qismətdə nə yazlıbsa, o da olacaq, ondan artığını nə istə, nə də gözlə. Yaşa bu həyatı və böyü.
Rəşad Sadıqov həmişəkindən daha çox istəyirdi ki, kubok bu dəfə onun olsun. Nə qədər dua eləyib bunun üçün, kim bilir.
Kim bilməsə də, Tanrı bilir - məsləhət bilsəydi, «Zirə» sürprizə imza atıb, o titulu başı üzərinə qaldırardı.
Onda nə müdafiəçilər bərabərlik qolunda yatıb yuxuya dalardılar, nə də Coy-Lens Mikelsin cərimə meydançasının xətti üzərindən qapıya yönlətdiyi top bir göz qırpımında, heç kimin gözləmədiyi halda toru tapardı.
Qarışqa yeganə varlıqdır ki, çəkisindən qat-qat artıq yük öz çiyinlərində daşıya bilir. O boyda fil filliyi ilə yalnız xortumunun gücü çatdığı qədər ağırlığa tab edir.
«Zirə» nə qarışqadır, nə də fil - bu komanda sadəcə ortabab futbolçulardan ibarətdir.
Rəşad Sadıqov bu gün desin ki mən bu oyunçuların hamısını sərbəst buraxıram, inanın, iddialı klubların biri də çiyni üzərindən dönüb onların üzünə baxmaz.
«Zirə» Premyer Liqada hələ də avrokuboklara vəsiqə şansını saxlayırsa, kubokun finalına bilet ala bilirsə, bunun özü Tanrının onlara ən böyük jestidir, Rəşad Sadıqovun çəkdiyi zəhmətə verdiyi bərəkətdir.
KAMİL

