Premyer Liqanın çempionunun (Sabah), sonuncu yeri tutacaq komandanın (Karvan-Yevlax) və pley-offda mübarizə aparacaq kollektivin (Qəbələ) adı məlumdur.
“Turan Tovuz”la “Qarabağ”ın ölkəmizi avrokuboklarda təmsil edəcəyi də dəqiqləşib. Sadəcə hansı turnirdə oynayacaqları məlum deyil.
Son günlər böyük əksəriyyət “Qarabağ”ın Avropa Liqasında mübarizə aparacağını yazır, təqdim edir. Buna səbəb “köhlən atlar”ın hazırda 2-ci pillədə yer almasına görədir.
Halbuki son iki oyunun nəticəsinə görə vəziyyət kökündən dəyişə, Avropa Liqasına “Turan Tovuz” yollana bilər.
31 turdan sonra ağdamlıların aktivində 63, tovuzluların xanasında 59 xal var. Ötən mövsümün çempionu 4 xal öndədir.
“Qarabağ”ı bu gün Respublika stadionunda “İmişli”, sonuncu turda səfərdə “Sumqayıt”la matç gözləyir.
“Turan Tovuz” bu gün Şamaxıda eyniadlı komandanın qonağı olacaq, gələn həftə doğma meydanda “Sabah”ı qəbul edəcək.
“Köhlən atlar” üçün Avropa Liqasına vəsiqə hansı halda əldən çıxa bilər?
* “Qarabağ” növbəti 2 oyunda uduzsa, “Turan Tovuz” hər 2 matçda qələbə qazansa.
* “Qarabağ” 2 oyunda 1 xal qazansa, “Turan Tovuz” son 2 turu 6 xalla başa vursa.
Bir sözlə, Qurban Qurbanov Avropanın ikinci dərəcəli klub turnirində iştirak əldən vermək təhlükəsini yaşamamaq üçün bu gün “İmişli”ni məğlub etməlidir ki, vəsiqəni təmin etsin.
Həmin “İmişli” ki, cari mövsümdə “Qarabağ”la görüşlərdə güclü rəqibinə boy göstərərək asan təslim olmayıb – 0:2, 0:1.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 17:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

