“Qarabağ”ı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə nöqtə qoydu

20:20 Qarabağ 197
“Qarabağ”ı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə nöqtə qoydu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun cari mövsüm üçün tapıntısı Kamilo Duran oldu.

Sürətinə, texniki bacarıqlarına, sol ayağı ilə öldürücü zərbələrə malik olan kolumbiyalı forvard əslində komandaya cinger kimi cəlb olunmuşdu. Daha doğrusu, karyerası ərzində daha çox cinahlarda oynamışdı.

Lakin Qurbanov Durana hücumçu mövqeyində şans verdi ki, 24 yaşlı oyunçu ümidləri artıqlaması ilə doğrultdu.

Xüsusən Çempionlar Liqasında inamlı çıxışı ilə seçilən Kamilo rəqib müdafiəçilər üçün əsl baş ağrısına çevrilmişdi. Avropanın bir nömrəli klub turnirində 5 qol vurub 1 assist etməsi sıradan göstərici sayıla bilməz.

Kolumbiyalı forvardın beynəlxalq arenalardakı göstəriciləri xarici klubların marağına səbəb olub.

Deyilənə görə, adlı-sanlı, imkanlı klublar onu yaxından izləyir, transferin baş tutması üçün “Qarabağ”la təmas qurmağa hazırlaşır.

Səbəbkar bu barədə nə düşünür? “Qarabağ”ı başqa kluba dəyişməkdə həvəslidir? Son vəziyyət nə yerdədir?

Duran “köhlən atlar”ı tərk etməsinin mümkünlüyü ilə bağlı Sportinfo.az-a danışıb:

“Mətbuatda xəbərlərin dərc olunması, insanların nə deməsi normaldır. Mənim mövqeyimi bilmək istəyirsinizsə, bütün fikrim “Qarabağ”la bağlıdır.

Klubla 2028-ci ilin yayına qədər müqaviləm var. Hazırda “Qarabağ”da oynamaq və komandama fayda verməyi düşünürəm.

Mövsümün sonunda nə baş verəcəyini indidən deyə bilmərəm. Bildiyim odur ki, daha 2 il “Qarabağ”a məxsusam”.

Kamilo Duran cari mövsümdə “Qarabağ” formasında meydana çıxdığı 44 qarşılaşmada 14 qol vurub, 10 məshuldar ötürmənin müəllifi olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti