Sportinfo.az xəbər verir ki, I Liqada mübarizə aparan “Səbail”in yeni baş məşqçisi Adil Şükürov sualları cavablandırıb.
- Artıq “Səbail”in yeni baş məşqçisiniz. Təyinatınızla bağlı təəssüratlarınız necədir?
- Yaxşıdır. “Səbail”i komanda olaraq izləmişik. Komandanın turnir cədvəlindəki mövqeyi pis deyil. Lakin daha yaxşı nəticələr qazanmaq lazımdır. Bizim də məqsədimiz görülən işin davamını gətirməkdir. Rəhbərliyə təşəkkür edirəm ki, mənə güvəndilər. Mən də onların inamını doğrultmaq üçün əlimdən gələni edəcəm.
- Komandadakı futbolçuların potensialını necə dəyərləndirirsiniz?
- Heyətdəki futbolçuların çoxunu tanıyıram. Əksəri ilə daha əvvəl bir yerdə çalışmışıq. Tanımadıqlarımız da var. Onların da nəyə qadir olduğunu qısa müddətdə görəcəyik.
- “Səbail”in məqsədi bəllidir. Sadəcə istərdik bir də sizdən eşidək...
- Təbii ki, məqsəd mövsümün sonunda Premyer Liqaya qayıtmaqdır. Daha sonra isə yenidən Premyer Liqada möhkəmlənməyi və uğurlu çıxış etməyi hədəfləyirik.
- 9 turdan sonra “Səbail” I Liqada ən az top buraxan komanda olsa da, vurulan qolların sayına görə 10 kollektiv arasında 8-cidir. Demək olar ki, əsas problem hücumdadır?
- Bəli, statistika baxımından elə görünür. Hücum xəttindəki problemlərin üzərində çalışacağıq. Bu çatışmazlığı aradan qaldırmaq üçün üzərimizə ağır yük düşür. Ümumiyyətlə, həm hücumda, həm müdafiədə daha effektli olmalıyıq.
- Lider “Şəfa” ilə xal fərqi 5-dir. Çempionluq baxımından bu məqam sizi narahat etmir?
- Çempionatda yalnız bir dövrə geridə qalıb. Qarşıda hələ 18 tur var. Xal fərqi 5 olsa da, “Şəfa” ilə hələ iki dəfə üz-üzə gələcəyik. Yəni hər şey komandanın öz əlindədir. Hər matça köklənməli və xal fərqini azaltmalıyıq. Şansımız var.
- İlyarımlıq müqaviləyə imza atdınız. Bunu rəhbərliyin sizə, sizin də komandanı Premyer Liqaya yüksəldəcəyinizə olan inam kimi dəyərləndirmək mümkündür?
- Bəli. Rəhbərliklə ilkin danışığımız bunun üzərində qurulmuşdu. Rəhbərlik o inamı bizə verdi. Biz də güvəni doğrultmaq üçün əlimizdən gələni edəcəyik

