COP29

“Mənə çoxsaylı mesajlar və təkliflər gəldi, onları idarə edə bilmirdim” – VİDEO+FOTOLAR

30 Avqust 2023 08:40 Şahmat 670
“Mənə çoxsaylı mesajlar və təkliflər gəldi, onları idarə edə bilmirdim” – VİDEO+FOTOLAR

Bakıda təşkil olunan Şahmat üzrə Dünya Kubokunda 28 yaşlı qrossmeyster Nicat Abasovun gözlənilmədən yarımfinaladək yüksəlməyi onu bütün ölkədə tanıtdı.

Bu mərhələdə dünya şahmatının bir nömrəsi olan Maqnus Karlsenə məğlub olan Nicat 4-cülüklə kifayətlənməli olsa da, göstərdiyi parlaq oyun və verdiyi siqnallar gələcəyi ilə bağlı böyük ümidlər yaratdı.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo” olaraq Nicatla görüşüb Dünya Kuboku barədə təəssüratları və gələcək planları barədə söhbətləşdik:

- Turnirin bu cür uğurlu alınacağını gözləyirdiniz? Favoritlər başqa şahmatçılarımız olsa da, yarımfinala qədər gələ bildiniz. Buna əvvəlcədən inanırdınız?

- Bu nəticə hamıya olduğu kimi, mənim üçün də gəzlənilməz oldu. Bundan əvvəl iki dünya kubokunda iştirak etmişəm və hər dəfə 3-cü təsnifat mərhələsində mübarizəni dayandırırdım. 2019-cu ildə Xantı-Mansiysk, 2021-ci ildə Soçidə oynamışdım və hər dəfə 3-cü mərhələdə dayanırdım. Bu dəfə də 3-cü mərhələdə çox ciddi rəqiblə, dünyanın 7 nömrəsi Aniş Qiri ilə qarşılaşırdım və şanslarımı rəqiblə nisbətdə daha az qiymətləndirirdim. Düşünürdüm ki, mənim üçün yenə də tarix təkrarlana bilər, 3-cü mərhələdə yarışdan kənarlaşa bilərəm. Bu dəfə fərqli oldu və növbəti raundlarda inamım daha da artdı və yarımfinaladək getdim.

- Artıq azarkeşlər Maqnus Karlsenə də qalib gələ biləcəyinizə ümid edirdi. Bu mümkün görünürdü?

- Azarkeşlərin inamı, dəstəyi mənə də bu düşüncəni aşılamışdı və inanırdım ki, bu, mümkündür. Məhz buna görədir ki, hər iki oyun çox gərgin və maraqlı keçdi. Hətta gedişlərin birində mümkün idi ki, ilk görüşdə qaralarla Karlsen üzərində qələbə qazanım, buna yaxın idim. İkinci oyunda da oyun sonluğunda gözdən qaçırdığı bir gediş var idi ki, hər ikimiz ani olaraq düşündük ki, qələbəyə yaxınam. Sonra müdafiə resursları taparaq heç-heçə edə bildi. Bütün bunlarda isə mənə olan inam və dəstək xüsusi rol oynayırdı.

- Praghananda Rameşbabunu anası dəstəkləyirdi və ona motivasiya idi. Sizi kim dəstəkləyirdi?

- Məni bütün Azərbaycan xalqı dəstəkləyirdi. Bu dəstəyi hiss etmək mənim üçün həm qürur, həm də motivasiya mənbəyi idi. Mən bütün hissləri yaşayırdım. Karlsenlə birinci qara fiqurlarla oynadığım oyunda 700-800 izləyici zalda məni dəstəkləmək üçün gəlmişdi. Ümumiyyətlə, şahmat bu məsələdə digər idman növlərindən çox fərqlənir. Məsələn futbolda bilirik ki, azarkeşlərin rolu nə qədər əhəmiyyətlidir, onlara 12-ci oyunçu da deyirlər. Amma şahmatda belə deyil. Şahmatda oyunları izləmək üçün demək olar ki, izləyicilər gəlmir. Amma mənim Karlsenlə oynadığım ilk oyuna 800 nəfərədək insanın gəlməsi mənə xoş sürpriz olmaqla yanaşı, qələbə inamı qazandırdı. Eyni zamanda ailə üzvlərimin, bütün yaxınlarımın dəstəyi mənim üçün əvəzsiz idi.

- Yarışdan əvvəl bir video var idi. Azarkeşlər Şəhriyar və Teymurla foto çəkdirirdi, siz bir kənarda durmuşdunuz. Lakin yarışda sürpriz edərək diqqəti çəkə bildiz. Həmin anlarda nə düşünürdünüz?

- Əslində bu, təəccübləndirici bir durum deyil. Şəhriyar və Teymur uzun illərdir şahmatımızın liderləridir və onlar mənim üçün də rol-model olublar. Onların uğurlarını görərək şahmata həvəsimiz daha da artıb. Mənim də uşaqlıq dövrümdə həm Şəhriyar, həm də Teymurla şəkillərim var. Buna görə də həmin durum heç bir təəccüb doğurmur. Doğrudur, bu yarışda iştirakları o qədər də uğurlu alınmadı, lakin düşünürəm ki, bu, bir təsadüf idi və gələcək yarışlarda daha uğurlu nəticələr göstərəcəklər.

- Sizə Azərbaycan şahmatının gələcəyi demək olar? Artıq hamı sizi şahmatın yeni siması kimi görür.

- Azərbaycan şahmatının gələcəyini parlaq görürəm. Yüksək səviyyəli gənc şahmatçılarımız var ki, hələ yetişməkdədirlər. Ciddi şəkildi inkişaf edən gənc nəsil yetişir. İnanıram ki, yaxın gələcəkdə aparıcı şahmatçılarımız çox olacaq. Təbii ki, o sırada mən də olmaq üçün çalışmağa davam edəcəyəm, oyun səviyyəmi artırmağa çalışacağam.

- Karyeranız haqqında internetdə çox məlumat yoxdur. Nə qədər axtarsaq da, tapa bilmədik.

- Bunun bir sıra səbəbləri ola bilər. Pandemiyadan əvvəl müəyyən inkişaf dönəmim var idi. Əfsuslar olsun ki, pandemiya mənə də neqativ təsir göstərdi, 2020-2021-ci illər mənim karyeramda eniş dövrü oldu. Əsl inkişaf etməli olduğum dövr pandemiyaya təsadüf etdi və təəssüf ki, tempimi saxlaya bilmədim. Bundan sonra bir məqsədim var, nöqsanlarımı aradan qaldıraraq 2700-lük şahmat reytinq xalları baryerinin üstünə çıxa bilərəm (red: hazırda Nicat Abasov 2677 reytinq xalı ilə dünya şahmatçıları arasında 59-cu yerdə qərarlaşıb).

- Bu qələbələrdən və Dünya Kubokunda 4-cü yer tutmağınızdan sonra rəsmi şəxslərdən sizinlə əlaqə yaradan oldumu?

- Təbrik edənlər çox oldu. İlk növbədə Azərbaycan Şahmat Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkür etmək istəyirəm. Bakıda keçirilən Dünya Kubokunun təşkilatçılığı əvvəlki yarışlardan xeyli yüksək idi. Yarışdan sonra belə onlar məni təbrik etdilər. Hətta müdafiə sənayesi naziri Mədət Quliyev mənə bağlanış mərasimində orden təqdim elədi, bu da mənim üçün çox qürurverici hal idi.

- Ailəniz bu uğurlara necə reaksiya verir?

- Qarşıda əsas yarışlardan biri var – Namizədlər turniri. Maqnus həmin turnirdə iştirak etməyəcəyi üçün vəsiqə mənə keçir. Bu yarış mənim üçün böyük, əlavə motivasiyadır, həmin yarışa ciddi hazırlıq görülməlidir. Hazırda mənə ən böyük dəstəyi ailəmlə yanaşı, Azərbaycan Şahmat Federasiyası göstərir.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi? Sonuncu yarış vaxtı haqqınızda yazılanları oxuyurdunuz?

- Sosial mediada o qədər də aktiv deyiləm. Amma yarış dövründə səhifələrimi publik etməli oldum. Çünki çoxsaylı mesajlar və dostluq təklifləri gəlirdi və onları idarə edə bilmirdim, çox vaxt aparırdı. Bu səbəbdən də səhifələrimi publik etdim. Həmçinin aldığım çoxsaylı mesajlar mənə yarışda əlavə stimul verirdi, "edit"ləri və bir sıra videoları görürdüm. Bütün bunlar mənə pozitiv enerji qazandırırdı.

Nizam Rza

Pərvin Zeynal


Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!