Ölkə kubokunda "Turan Tovuz"la səfər oyunundakı 2:2 bərabərliyin "Sabah"ı 1/4 finala daşıdığını nəzərə alsaq, qələbə kimi qiymətləndirmək olar.
4 gün əvvəl isə "Səbail" üzərində zəfərlə 7 oyunluq seriyaya son qoyulmuşdu.
Nəticə baxımından Vasili Berezutskinin Masazır təmsilçisindəki startını uğurlu saymamaq insafdan olmaz.
Rusiyalı mütəxəssis nəticələri dəyişib, bəs meydanda nələri dəyişib?
Adlar üzərindən bəzi yerdəyişmələr gözəçarpır.
Amma oyun sistemində hansısa yenilikdən uzun-uzadı danışmaq tezdir.
Açığı, Renduliçin dönəmində də "Sabah" pis deyildi. Baxımlı, dominant futbolla yadda qalırdı. Tək əskiyə şansının yoxluğu idi.
Ya son dəqiqələrdə buraxılan qolla qələbə əldən çıxırdı, ya da komanda xalsız qalırdı.
Məhz Berezutskinin "tələbələr"ə gətirdiyi əsas diqqətçəkən bir məqam da həmin şans amilidir.
Gənc mütəxəssisin ayağı düşərli olub. Sanki bədlik komandanın üzərindən götürülüb.
O qədər də parlaq futbol oynamadığı matçda "Səbail"dən 3 xalı 1 qolla qopara bildi.
Tovuzda isə hər şeyin bitdiyini düşündüyümüz anda Kupusoviç xilaskar rolunu oynaya bildi.
Bu, serbiyalının "Sabah" formasında ilk qolu kimi tarixə keçdi.
Forvard üçün siftənin belə günə təsadüf etməsindən xoş nə ola bilər?
Bir sözlə, sanki aylardır (buna yaydan - "Makkabi" ilə oyundan sonra da deyə bilərik) klubun üzərini alan "qara buludlar" dağılmaq qoxusunu hiss etdirir.
Qalır keçici olmaması, sabitliyin yaxalanması.
XANOĞLAN İMANOV