“Bu oyuna hazırlaşmaq üçün həftəboyu çox əziyyət çəkmişdik.
Şadam ki, zəhmətimizin nəticəsini gördük”.
“Sabah”ın yamaykalı hücumçusu Kahim Parris Sportinfo.az-a açıqlamasında “Makkabi” ilə oyunu dəyərləndirib.
İlk qarşılaşmada “tələbələr” 3:0 hesabı ilə qalib gəlsə də, Bakıda baş tutan görüşdə Hayfa təmsilçisi 120 dəqiqənin yekunlarına görə 6:3 hesablı qələbəyə sevindi. Penaltilər seriyasında “Sabah” üstün olaraq mərhələni adladı.
Parris müdafiədə zəif təsir bağışlamalarını rəqibin gücü ilə əlaqələndirib:
“Makkabi”nin avrokubok təcrübəsini və göstərdikləri nəticələri yada salaq. Püşkdən sonra hamı onları favorit görürdü.
Bu gün nəyə qadir olduqlarını bir daha göstərdilər. Buraxdığımız 6 qolu bizim səhvlərimizin nəticəsi yox, daha çox onların ustalıq səviyyəsi ilə əlaqələndirirəm.
Belə rəqibləri hər iki oyunda udmaq çətin məsələdir. Açıq danışsaq, bizim üçün önəmli olan mərhələni adlamaq idi, bunu da bacardıq.
Penalti seriyası lotereyadır. Hər iki komandanın şansları bərabər idi.
Sadəcə, biz daha soyuqqanlı və dəqiq oynadıq. Penalti vuruşlarında mərhələni keçəcəyimizə əmin idim”.
Konfrans Liqasının 3-cü mərhələsinə yüksələn “Sabah”ın növbəti rəqibi İrlandiya təmsilçisi “Sankt Patriks”dir.
Komandalar arasında ilk oyun avqustun 8-də səfərdə, bir həftə sonra Bakıda keçiriləcək.
HƏBİB