COP29

Sevinəndə uşaqlaşan Murad Oleqoviç Musayev

14 Noyabr 2023 21:20 Sabah 905
Sevinəndə uşaqlaşan Murad Oleqoviç Musayev

Tovuzdakı oyun “Sabah” üçün dönüş nöqtəsiydi.

“Tələbələr” turnir cədvəlindəki durumunu yaxşılaşdırmaq, lap dəqiq desək, “3-lük”lə xal sayını azaltmaq üçün bölgədən 3 xalla qayıtmalıydı.

İlk hissədə cərəyan edən hadisələr matçın yekun nəticəsini şübhə altına alırdı. “Turan Tovuz”un erkən qolunun hesaba alınmaması, “Sabah”ın hesabı açması, ardınca ikinci qolu vurması, meydan sahiblərinin möhtəşəm geridönüş edərək hesabı bərabərləşdirməsi və hissənin sonlarına yaxın qonaqların 3-cü topu vurması ikinci hissədə drammatizm dalğasının artacağından xəbər verirdi.

Fasilədən sonra oyun tempi kifayət qədər artdı, qol epizodları sıralandı, qapıçılar öz məharətini nümayiş etdirdi. Lakin ikinci 45 dəqiqədən qol səsi çıxmayınca, “Sabah” vacib qələbəyə sevindi.

Matçdan sonra diqqətlər Murad Musayevdə idi. Əslində, o, “varlığını” görüşün əvvəlində göstərdi. Rusiyalı mütəxəssis “Turan Tovuz”un sayılmayan qolu zamanı qəzəbini ötürmə səhvinə yol verən Namiq Ələsgərovun üzərinə tökdü. Bir qədər səbr edən Namiq dözməyib Musayevə əl jestləri ilə “mən nə etdim” cavabını verdi.

Oyunun irəliləyən dəqiqələrində məşqçi-futbolçu münasibətlərinin hansı axarda davam edəcəyini diqqətdə saxlayırdım ki, “sülh müqaviləsi” imzalandı. Davit Volkov hesabı açan kimi Musayev Namiqi yanına çağırıb bağrına basdı, saçlarına sığal çəkdi. O, bununla zəhmli və zəhlətökən görkəminin aldadıcı olduğunu sübut etdi.

Murad Oleqoviç mətbuat konfransında da təəccübləndirməyi bacardı. Konfrans zalındakı yerini tutan kimi qarşısındakı miktofonları səhmana salıb, gülər üzü ilə həmkarlarımıza kömək etmək həvəsini göstərdi. Verilən sualların hər birini xüsusi istəklə cavablandırdı, zalı tərk edən anda...

Üzünü həmkarlarımızdan birinə tutub sual ünvanladı:

“Həmişə Nicat Mehbalıyevi soruşurdunuz. Bu gün oynatdım. Necə idi?”

Musayevin atmacalı sualının arxasında şirin zarafatın dayandığını məsələdən hali olanlar dərhal anladı. Ona görə də otaqdakıların çöhrəsinə gülüş qondu.

Konfrans zalını tərk edib əlinə top düşən uşaq kimi sevinirmiş kimi avtobusa tərəf tələsəndə sağdan-soldan yönələn təbrikləri qəbul edib, hamıya təşəkkürünü çatdırdı.

Təxminən 2 saata sığan bu görüntülərin canlı şahidi olandan sonra anladım ki, Murad Musayev kənardan göründüyü qədər qəddar deyil.

Sadəcə, bu adam uduzmağı sevmir. Məğlub olanda gözü heç kimi və heç nəyi görmür. Günahın böyük hissəsini kənar qüvvələrdə axtarır. Əslində bu insanın “ürəyi yoxdur”, incitməyi bacarmır, sevinəndə uşaq kimi olur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"