"Sent-Patriks Atletik".
Bu adı, yəqin ki, dünənə qədər Azərbaycanda 3-4 adam eşitmişdi, ya eşitməmişdi.
İrlandiya klubu «Sabah»a minnətdar olmalıdır. Onların sayəsində buralarda tanındılar. Həm də necə!
«Sabah» pərişanedici futbolu ilə "Sent-Patriks Atletik"i div, şir, aslan olaraq tanıtdı bizə.
Krunoslav Rendiliç haqda qəti fikrimi gələn həftə bildirəcəm. Açığı, istəmirəm tələsim. Nə deyəcəmsə, onda deyəcəm.
Bir az gözləyim deyirəm. Bunu deməkdə məqsədim isə o deyil ki, iş tamam, yaxud davamdır.
"Sent-Patriks Atletik" heç bir halda Hayfanın «Makkabi»si deyil. onun atılan dırnağı da ola bilməzlər. «Makkabi»ni möcüzəvi şəkildə avrokuboklardan kənarlaşdıran «Sabah»a Dublindəki oyunu qətiyyən yaraşdırmadım.
İrlandların yaratdığı qol epizodlarını beynimin bir küncünə həkk etmək istədim, qatıb-qarışdırdım. Sayı və hesabı itirmək olar e, day bu qədər?!
"Sent-Patriks Atletik"i "Atletik" və ya "Atletiko" bilən Renduliçin çaxmaq daşına dönən praqmatik futbolu «Sabah»ı çox uzaqlara aparmayacaq.
Mən bundan narahatam ey! Komandası müdafiə olunmağı bacarmır, kimə deyirsən, Renduliç yanaşmasını dəyişmir.
Yusif İmanov bir oyunu əla keçirəcək, beş oyunu «zibilləyəcək» - həmişə onun qurtarışlarına arxayın olmaq olmaz.
«Makkabi» önündə çox səhvlər etmişdisə, dünən də çox qurtarışlar etdi. gələn dəfə yenə tərsi ola bilər.
Renduliç deyəcək ki, 53-cü dəqiqədən etibarən meydanda azlıqda qaldıq? Desin hələ bir. Mənim cavabım hazırdır - guya, 53-cü dəqiqəyə kimi nə futbol oynatdız ki?
Hücumun sivri ucunda görünməsi gərəkən Coy-Lens Mikels cinah müdafiəçisi mövqeyinə çəkildisə, bunu rəqibin artan təzyiqi ilə əlaqələndirəcəksə, çox böyük səhv etmiş olar.
Soyuq hava, yağış və nə bilim nə… Mən «Sabah» kimi iddialı klubun baş məşqçisindən belə açıqlamalar eşitmək istəmərəm.
Qarşındakı "Sent-Patriks Atletik"dirsə, ucuzvari bəhanələr keçmir və keçməz. Bu komanda nəyi bacardığını «Makkabi» səfərində bizə göstərdisə, nəyi bacarmadığını də yenə «Makkabi» ilə cavab matçında gördük.
«Sabah» irəli açıla bilən, amma müdafiəyə yığıla bilməyən komandadır, məgər Renduliç 6 aya yaxındır başında dayandığı futğbolçuların potensialı ilə hələ tanış olub qurtarmayıb?
MUSA

