COP29

"Məni bəyənsələr də, bəyənmnəsələr də, elə burada qalacam"

7 Mart 08:40 Region Liqası 2 157
"Məni bəyənsələr də, bəyənmnəsələr də, elə burada qalacam"

"Kəpəz”in veteran hücumçusu Rövşən Əhmədov karyerasını bərpa etdi.

Hazırda Gəncə klubunda məşqçi kimi fəaliyyət göstərən Əhmədov Region Liqasında çıxış edən "VT Gəncə”nin oynayan məşqçisidir.

Şimal-Qərb və Qərb zonasında çıxış edən gəncəlilər son turda "Şəki”ni qəbul edib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

56 yaşlı futbolçu da həmin görüşün iştirakçısı olaraq start heyətdə meydana çıxıb və 90 dəqiqəninin sonuna qədər oynayıb.

Sportinfo.az xəbər verir ki, keçmiş hücumçu uzun illərdən sonra meydana çıxdıqdan sonra təəssüratlarını qaynarinfo ilə bölüşüb:

- Necə oldu futbola qayıtmaq qərarına gəldiniz?

- Açığı, rəhbərlik onlara kömək etməyimi istədi. Çünki məşqçiləri getmişdi. "Kəpəz”də uşaq futbolunda çalışdığım üçün komandada baş məşqçi deyil, oynayan məşqçi kimi qeydiyyatdan keçmişəm. Elə bir neçə dəfə özüm də uşaqlarla oynayırdım. Sonra düşündüm ki, elə oynasam yaxşıdır və qərarımı verdim.

- İllər sonra futbola qayıtmaq necə hissdir? Fiziki durumunuz hansı səviyyədədir?

- Həftədə iki, üç dəfə məşq edirdim. Düzdür, fiziki durumum əvvəlki kimi deyil. Amma 90 dəqiqə oynamağa gücüm çatdı.

- Öz oyununuzu bəyəndiniz?

- 60-70 faiz. Özümü çox "yükləmədim”. Əsasən mərkəzdə oynayıb gənclərə müəyyən şeyləri göstərməyə çalışdım.

- Nə düşünürsünüz, yetərincə kömək edə bildiniz? Komanda yoldaşlarınızın fikirləri necə oldu?

- Sağ olsunlar, hamısı hörmət edir. Onlara məşq keçdiyim üçün sevinirdilər. Əvvəlki kimi deyil. Kim necə istəyirdisə, elə oynayrdı. Ancaq hamısını başa saldım. Əlimdən gələni etdim ki, oynasınlar. Həmin meydançada, həm də ondan kənarda sözümə baxırlar. Komandada gənclərlə yanaşı, nisbətən yaşlı oyunçular da var. Məsələn, Şahin Kərimovu, Vüsalı, qapıçımız İsmayılı dəvət etmişəm.

- Texniki bacarıqlarınız yerindədir?

- Bir az qalıb. Yaxşı qol vəziyyətləri yaratdım. İki-üç dəfə ötürmələr etdim, uşaqları qapıçı ilə təkbətək çıxardım, ancaq bundan yararlana bilmədilər (gülür). Futboldu, belə hallar olur. Bir neçə dəfə cərimə zərbələri yerinə yetirdim. "Şəki”nin qapıçısını çox bəyəndim, özünü yaxşı tərəfdən göstərdi. Onu niyə digər Şəki komandasına götürmürlər, bilmirəm. Zərbələrdən sonra yaxşı şəkildə toplar qaytarırdı. Ümumiyyətlə, rəqib komandada çox yaxşı futbolçular var idi.

- Növbəti oyunlarda da meydana çıxacaqsınız?

- Allahın köməkliyi ilə oynayacağam. Qarşıdakı oyunlarda da meydana çıxmaq fikrindəyəm. Həvəskar formada olsa da, futbola qayıtmışam. Əslində, mənim necə oynamağım vacib deyil, əsas odur, komanda qələbə qazansın. Çünki hələ qələbəmiz yoxdur. Səfərdə Qazax komandasına uduzduq, evdə isə "Şəki” ilə heç-heçə etdik.

- Komandanın hədəfləri nədir və potensialı hara qədər irəliləməyə imkan verir?

- Qarşıda üç oyunumuz qalıb. Bu oyunlarda qələbə qazansaq belə, yenə üç-dördüncü yerləri tuta bilməyəcəyik. Çünki bizim zona üzrə keçirilən yarışda səkkiz komanda iştirak edir və onlardan dördü növbəti mərhələyə keçməlidir. Ona görə də qələbələrimiz yetərli olmayacaq. İnşallah gələn mövsüm fərqli olacaq. Ola bilsin, birbaşa İkinci Liqada iştirak edək. Danışıqlar aparırıq. İkinci Liqa daha yaxşı olar. Həm də Gəncədə ikinci komanda yaranar. Gənclərlə yanaşı nisbətən təcrübəli futbolçular da dəvət edərik ki, köməklik göstərsinlər.

- Gələn mövsüm komanda Birinci Liqaya yüksəlsə, futbol oynamağa davam edəcəksiniz?

- Birinci Liqada yox, amma İkinci Liqada oynasaq, bəli, davam edəcəyəm. Hər halda duruma baxacağam. Mənə köməkçi məşqçilər lazım olacaq. Belə olan halda məşq edəcəyəm ki, formamı itirməyim.

- Maraqlıdır, başqa komandalardan transfer təklifi gəlsə, bunu necə qiymətləndirərsiniz?

- Xeyr, elə bu komandada qalıb oynayacağam. Bəyənsələr də, bəyənmnəsələr də, elə Gəncədə qalacağam.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 20:00 Çək və bizə göndər!