"Komandanın rəhbəri, sponsor deyilsən, kimsən axı?" - QALMAQALLI AÇIQLAMA!

13 Fevral 08:50 Region Liqası 1 764
"Komandanın rəhbəri, sponsor deyilsən, kimsən axı?" - QALMAQALLI AÇIQLAMA!

AFFA-nın İntizam Komitəsinin ötən həftə çıxardığı qərarlardan biri də "Ümid” (Saatlı) və "Olimpiya Ağcabədi” arasında baş tutan görüşlə bağlı oldu.

Sözügedən komandalardan Ağcabədi təmsilçisinin bir oyunçusu qayda pozuntusuna görə iki, iki üzvü isə hakimi təhqir etdiyi üçün beşoyunluq cəza aldı.

Hələ bu azmış kimi ehtiyat oyunçular və özünü komandanın nümayəndəsi adlandıran şəxslər hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədib, hakimi təhdid edib.

Bu səbəbdən oyun yarımçıq dayandırılıb. Nəticədə "Olimpiya Ağcabədi”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Saatlı təmsilçisi ilə matçda nə baş verməsi ilə bağlı Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru, keçmiş FİFA referisi Əfqan Həmzəyev münasibətini bildirib.

Sportinfo.az xəbər verir ki, o, qaynarinfo-ya açıqlamasında öz komandasının üzvlərini günahlandırıb və onlara sərt tapşırıqlar verdiyini deyib:

"Oyunçularımız hakimi təhqir etməmişdilər. Bununla bağlı videonu AFFA-ya təqdim etmişəm. Bir oyunçumuza birbaşa qırmızı vərəqə göstərib. Hansı ki, orada "qırmızı”dan söhbət gedə bilməz. Çünki bizim futbolçu topla oynayan zaman rəqib gəlib buna müdaxilə etmişdi. Yanında oyunçu olsa, bu zaman ayağını topa qaldırsa, cəza ilə razılaşmaq mümkündür. Qırmızı vərəqə göstərildikdən sonra isə, günah oyunçularımızda oldu. Çünki hakimə, "ayıb olsun”, "utanmırsan” kimi sözlər deyiblər. Demirəm, oyunçularım düz edib. Hər oyunumuzu videoya çəkdirirəm, üstəlik Yutubda yayımlayıram. Gizli nəsə yoxdur, görüntülər var. Özüm xahiş etdim ki, oyunçularımıza daha çox, 5-10 oyun cəza versinlər. Onlara birinci gündən bildirmişəm ki, qərarından asılı olmayaraq, hakimə heç bir söz deməsinlər. Meydançaya girənləri də çağırıb, hamısına ciddi xəbərdarlıq etdim. Bir daha eyni hərəkəti edəcəkləri təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyimi söylədim. Sən kimsən axı? Meydanda nə gəzirsən? Kim sənə icazə verib? Komandanın rəhbəri, sponsor deyilsən, kimsən axı? Bilirsiniz, Ağcabədidə bu səviyyədə turnir görməyiblər. Burada futbol mədəniyyəti yavaş-yavaş formalaşır. Elə bilirlər ki, küçə, kənd futbolu oynayırlar. Bunu bir günə aşılamaq olmaz. Hər oyundan sonra təbliğat aparıram. Həvəs oyatmışıq, bir oyunda 70 azarkeş vardısa, ogünkü matçda 1200 tutumluq tribunalar tam dolmuşdu. Getdikcə artacaq. O azarkeşlər də əslində, hakimi təhqir etməyiblər, sadəcə, öz oyunçularımızı kənara çəkməyə çalışıblar ki, dava düşməsin. İstənilən halda meydançaya girmələri düz deyil. Qələt ediblər, başlarını daşa döyüblər. Həmin oyunçuları və azarkeşləri başa saldım, texniki məğlubiyyətə səbəb olduqları üçün üzr istədilər. 1:0 udduğumuz oyunda iki nəfərin özünü düzgün aparmamasına görə, texniki məğlubiyyət aldıq. Özü də həmin oyunçular veteran idi, çox peşman oldular. Gəncləri meydana buraxdım, onlardan daha yaxşı oynadılar. Onları da qınamırıq, belə şey görməyiblər”.

Həmzəyev həmin oyunda hakimliklə bağlı düşüncələrini də bölüşüb:

"Hakimin də səhvləri vardı. Yəqin ki, həmin epizodda qorxub və qırmızı vərəqə göstərib. Hakimi əsas günahkar kimi göstərmirəm, şikayətlənməmişəm. Amma müəyyən mənada onun da günahı olub. Oyunu həmişə qaydalarla idarə etmək də olmaz. Heç olmasa düşünməlidir ki, sabah mənim verdiyim qərarın nəticəsi gör hara gətirib çıxarar. Hakimi qınamıram, necə görüb, elə də qərar verib. Özüm də hakim olmuşam. Amma komandama demişəm ki, nə oyunda, nə də ondan kənarda hakim haqda danışmayın. Oyundan sonra müzakirə edə bilərsiz. Onsuz da bütün oyunların videotəkrarı olur. Sabah hakim haqsız olsa, bunu video vasitəsilə sübut edə bilərəm. Amma futbolçu qırmızı vərəqə aldığı üçün mən haqsız duruma düşürəm. Sabah deyəcəklər ki, sənin futbolçun hakimi təhqir edb. Mən nə cavab verim, nəyi sübut edim? Günah mənim futbolçularımdadır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!