Bu komanda dağılır: "Pul yoxdursa, biz ona necə kömək edək?"

13 Mart 2023 16:00 Region Liqası 2 826
Bu komanda dağılır: "Pul yoxdursa, biz ona necə kömək edək?"

«Komandamızın fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələ dəqiqləşməyib».

Bu sözlər «İsmayıllı»nın baş məşqçisi Tərlan vahidova aiddir.

Region Liqasında ikinci mövsümünü keçirən bölgə təmsilçisi maliyyə problemlərini həll edə bilmir. Aylar öncə sosial şəbəkədə belə bir paylaşımla gündəmə gələn çalışdırıcı etdiyi çağırışa reaksiyaların olmadığını söyləyib.

Onun dediyinə görə, «İsmayıllı» yerli rəsmi dairələrin, o cümlədən, iş adamlarının diqqətindən kənarda qalıb:

«Əvvəlki vaxt deyil, pulsuz futbol oynamaq dövrü çoxdan arxada qalıb. Region Liqasında keçirdiyimiz ilk mövsümdə vəziyyətimiz nisbətən yaxşı idi.

İcra Hakimiyyəti komanda ilə yaxından maraqlanırdı, vəsait ayırırdı. İcra Hakimiyyətinin təşəbbüsünə bir sıra iş adamları da qoşulmuşdu.

Bu il heç biri olmadı. Halbuki komandanı düzəltmişdik. Nəticələrimiz də yaxşılaşmışdı.

Qrupda dörd qələbə qazandıq, iki heç-heçə etdik. Altı komanda arasında dördüncü yeri tutduq.

Adicə səfər oyunlarına yollanmağa vəsaiti güclə tapırıq. Mən daha haralara müraciət etməmişəm? Heç kim yaxın gəlmir.

Çox çətin şərtlər altında işləyirik. Gənclər və İdman İdarəsindən başqa komandayla maraqlanan yoxdur.

Futbolçu meydana çıxırsa, mükafat istəyir. Ən azından ona 50 manat verməliyik.

Hərəsinin bir problemi var, gəlib deyir ki, mənə kömək edin. Pul yoxdursa, biz ona necə kömək edək?

Açığı, mən «İsmayıll»ının belə vəziyyətə düşəcəyini gözləmirdim. Fikirləşirdim ki, bu komanda tezliklə Divizionda, sonra da Premyer Liqada oynayacaq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti