"Xəzər"in yolu ilə gedən "Xan"...

21 May 2022 20:00 Region Liqası 971
"Xəzər"in yolu ilə gedən "Xan"...

"Xan Lənkəran" yenə bacarmadı.

"Araz Naxçıvan"a yarımfinaldakı məğlubiyyətə rəğmən, rəqibin heyətindəki peşəkar müqaviləli futbolçulara görə cənubluların 3 gün əvvəl Region Liqasında final oynayacağı dəqiqləşmişdi.

Burada isə rəqib "Cəbrayıl" idi. Şamaxıda baş tutan finalda Lənkəran təmsilçisi məğlubiyyət yaşadı. Son dəqiqələrdə penal vurmaq fürsətini də əldən qaçıran komanda sonda rəqibinin kubok qaldırmasına əl çalmalı oldu.

"Xan Lənkəran"ın heyətindəki futbolçuların adları, səviyyələri, elə maaşları da həm "Araz"ın, həm də "Cəbrayıl"ın üzvlərindən yaxşı mənada kəskin fərqlənirdi.

Amma hər iki oyunda komanda məğlub oldu. Məğlubiyyət bir kənara, normal oyun da oynamağı bacarmadı. Bunun isə tək günahkarı baş məşqçi İbrahim Uzunca idi. Birmənalı olaraq türkiyəli mütəxəssis yarımfinalda Azər Bağırova, finalda isə Cavid Hüseynova məğlub oldu.

Düzgün müdafiə olunan, intizamlı mübarizə aparan hər iki rəqiblə matçlarda əcnəbi çalışdırıcı rəqiblərinə qarşı ciddi bir gediş edə bilmədi. Ümid ancaq futbolçuların fərdi ustalığına bağlanmışdı. Belədisə Türkiyədən bura çalışdırıcı gətirmək nəyə lazım idi? Ümumiyyətlə, Region Liqası üçün niyə əcnəbi çalışdırıcı axı?

Çox uzağa getmək lazım deyil. 3 il Region Liqasını qazanmaq təcrübəsi olan Qəzənfər Abbasov boş-bekardı. Onu gətir, rahat çempion ol da. Başqa bacarıqlı yerli mütəxəssis də nə qədər desən var.

Deməli, "Xan" da "Xəzər" kimi idarə olunur. İndi pulunu lazımsız yerə əcnəbi çalışdırıcıya tökən, sabah da müxtəkif ölkələrdən gələn lazımlı-lazımsız əcnəbiləri doydurmaqla məşğul olacaq. "Xəzər"in rəhbərliyi kimi...

Premyer Liqaya, lap elə Birinci Diviziona gəlməzdən əvvəl bu problemləri həll etmək lazımdır. İdaretmə dəyişməyəcəksə, ha Region Liqası, ha da Premyer Liqa. Vallah ciddi fərq etməz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti