Prinsipial oyunda üzülən Cavid Hüseynov: "Problemləri həll etmək üçün vaxtımız olacaq”

22 Noyabr 2021 19:40 Region Liqası 1 295
Prinsipial oyunda üzülən Cavid Hüseynov: "Problemləri həll etmək üçün vaxtımız olacaq”

“İki tam fərqli hissə izlədik. Birinci hissədə çox yaxşı mübarizə apardıq, fasilə ərəfəsinə qədər hesab bərabər idi.

İkinci yarıda rəqib daha 2 qol vurub, qələbə qazandı”.

Region Liqasında çıxış edən “Cəbrayıl”ın təsisçisi və baş məşqçisi Cavid Hüseynov Sportinfo.az-a prinsipial qarşılaşmadakı məğlubiyyət haqda danışıb.

Binədə “Cəbrayıl”la Quba “Şahdağ” arasında olduqca gərgin qarşılaşma baş tutub. Buna qədər komandalar qrupda keçirdiyi hər 2 oyunu qələbə ilə başa vurmuşdu ki, bu dueldən üzüağ çıxan rəqibindən uzaqlaşacaqdı.

90 dəqiqənin tamamında qalibiyyətə sevinən qubalılar olub – 4:1. Hüseynov açıqlamasında uduzmaqlarının əsas səbəblərini sadalayıb:

“Hesab 1:1 olanda, hücumçumuz rəqib qapıçıyla təkbətək qaldığı qol fürsətini dəyərləndirə bilmədi. Halbuki, topu qapıdan keçirsəydi, oyunun axarı tam fərqli olardı, məncə.

Buna oyunun qırılma nöqtəsi də deyə bilərəm. Biz vurmadıq, əvəzində,ilk hissənin son saniyələrində “Şahdağ” hesabda önə keçdi.

İkinci yarıda fiziki hazırlığın qaydasında olmaması özünü göstərdi. Futbolçuların yorğunluğu açıq-aşkar görünürdü. Üstəlik, rəqib ən üstün keyfiyyətindən maksimum yararlandı.

Heyətdə ucaboy futbolçuları var ki, standart vəziyyətlərdə qol vurmağı bacarırlar. Hər iki qolu öz səhvlərimiz ucbatından, standart vəziyyətdən buraxdıq.

Məğlubiyyətə baxmayaraq, komandadakı nöqsanları görmək üçün əlimizə əla şans düşdü. Problemləri həll etmək üçün vaxtımız olacaq”.

Yığmanın sabiq futbolçusu saytımız vasitəsilə həmin gün Binədəki stadionun yolunu tutan azarkeşlərə təşəkkürünü bildirərək, gələcəkdə əldə olunacaq qələbələrlə onları sevindirəcəklərini deyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti