Qurban Qurbanovun bəxti nədə gətirmir?

18 Sentyabr 2020 13:54 Qarabağ 853
Qurban Qurbanovun bəxti nədə gətirmir?

Çempionlar Liqasının III təsnifat mərhələsində "Molde”yə əsas vaxtı qolsuz bitən görüşün penaltilər seriyasında 5:6 hesabı ilə uduzan "Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 3-cü dəfə belə hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Kiprdəki məğlubiyyətə qədər 2 dəfə Ağdam təmsilçisini oyunsonrası "lotereya”da izləyib.

Həmin matçlarda da futbolçularının dəqiqliyi Qurbanovu məyus edib. Hər iki görüş Azərbaycan kubokuna təsadüf edib.

2010/11 mövsümündə "Qarabağ”la "Turan” arasında matçda qolsuz heç-heçə qeydə alınıb. Tovuzlular penaltiləri daha dəqiq yerinə yetirib – 4:3.

2011/12 mövsümündə "Bakı”ya səfərdə 1:0 hesabı ilə qalib gələn "Qarabağ” öz meydanında eyni nəticəyə üzülüb. Penaltilər seriyasında bakılılar 5:4 hesabı ilə qələbə qazanıb.

"Qarabağ” ümumilikdə Azərbaycan kubokunda 3 dəfə penaltilər seriyasında qüvvəsini sınayıb. "Lotereya”da "siftə”si qələbəylə yekunlaşan komandanın ilk belə sınağı 1999/2000 mövsümündə yaşanıb. Həmin vaxt ağdamlılar hər komandanın 1:0 hesablı qələbə qazandığı dueldə "Turan”ı məğlub edib – 5:4.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!