"Qarabağ" Ağdamda bu işi görsün!

5 May 20:00 Qarabağ 253
"Qarabağ" Ağdamda bu işi görsün!

Azərbaycan futbolunun yaralı yerlərindən biri də uşaq futboludur. Uşaq futbolundakı qüsurları saymaqla bitirmək olmaz. Kortəbii işlərə görə AFFA-nın tənqid etdiyim qədər, klubların da səhlənkar olduğunu qeyd etməliyəm.

Yığma komandalara dəvət edilən futbolçuların əksəriyyəti milliləşdirilmiş oyunçulardır. Federasiyanın yanlış siyasəti ilə ciddi uğur qazanılmayıb və qazanılacağına inanmaq çətindir.

Azərbaycanın əsas millisi AÇ-2020-nin seçmə mərhələsində 1 xal qazandı. Milan Obradoviçin rəhbərlik etdiyi U-21 millisi isə tsikldə Lixtenşteyn və Gürcüstana məğlubiyyətlə vəziyyətin nə yerdə olduğunu göstərdi. Uşaq futboluna məsuliyyətsiz yanaşıldığı üçün nəticələr göz önündədir. Problemin kökü dərindədir və bunu düzəltmək üçün hərəkət etməli, işə can qoymaq lazımdır.

Bölgələrdə uşaqlar üçün şərait olmayana kimi nəticələr düzəlməyəcək. Bunun üçün regionlarda akademiyalar yaradılmalı və futbolçu yetişdirmək üçün çalışmaq lazımdır.

Premyer Liqa klublarından “Qəbələ” və “Sabah”ı uşaq futboluna ayırdığı diqqətə görə fərqləndirmək lazımdır. Təəssüf ki, ölkə futbolunun brendləri – “Neftçi” və “Qarabağ”ın akademiyası barədə ağızdolusu danışmaq olmur.

Ötən günlərdə “Qarabağ”ın Ağdama yollanaraq, aztəminatlı ailələrə yardım etməsi təqdirəlayiq haldır. Çox yaxşı olardı ki, klub rəhbərliyi daha bir məsuliyyətli işə cəhd etsin. “Qarabağ” rəhbərliyi təmsil etdiyi Ağdamda akademiya yaratmaqla böyük addım atmış olar.

Çempionlar Liqası və Avropa Liqasındakı gəlirlərlə büdcəsini zənginləşdirən “Qarabağ”ın akademiyanın xərclərini qarşılaya biləcək gücü var. Uşaqlar “Qarabağ”ın futbolçusu olmaq, Avropa meydanlarına ayaq basmaq arzusu ilə akademiyaya yollanacaq.

Bununla da klublar arasında mübarizə yaranacaq. “Qəbələ” akademiyasında qurulan düzgün iş digər klublara nümunədir. Diqqət görməyən uşaq futbolu ilə bağlı planlar cızıb, yaxşı işlər görmək mümkündür.

“Qarabağ” klub kimi işləri düzgün qurub və Avropadakı uğurlar bunu sübut edir. Klub Ağdamda akademiya qurmağa qərar versə, Azərbaycan futboluna növbəti böyük faydasını verəcək (sportal.az).

Mehman Əşrəfov

Digər Xəbərlər
Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?