Süni rəqabət oyunu, yoxsa yeni çempion?

1 Mart 2020 13:40 Qarabağ 1 469
Süni rəqabət oyunu, yoxsa yeni çempion?

Dünən Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ" "Sabah"la qolsuz bərabərliyə razılaşdı. Daha doğrusu, buna məcbur edildi.

Qonaqlar 90 dəqiqə ərzində bütün komanda ilə müdafiə olunaraq, 1 xal üçün döyüşdü. Bununla belə, "Qarabağ"ın kifayət qədər qol epizodu oldu. Gah Saşa Stamenkoviç, gah da bəxt "Sabah"ın tərəfində oldu. Gah da hakimlər...

Bu tura kimi "Qarabağ"ın əsas rəqibi "Neftçi"dən 8 xal önə çıxması, heç kimə sirr deyil ki, rəqabətin az olduğu ölkə çempionatını daha da iflic vəziyyətə salıb.

Bəzən elə görünür ki, "Qarabağ" "gəzə-gəzə" çempionluğa doğru gedir

Bu vəziyyət kimlərəsə xoş gəlmir. Sanballı çempionat formalaşdırmaq əvəzinə süni rəqabət yaratmaq eşqinə düşüblər. Hər halda dünən meydanda baş verənlərə başqa ad vermək olmur. Stadiondan baxan, tv-dən izləyən hər kəsin təmiz qol olduğunu gördüyü epizodu baş hakim necə görməyə bilər axı?

Ofsaydla əlaqəsi olmayan epizodlara «oyundankənar» fitini çalmağa nə deyirsiz?

Hakimlik haqda danışmağı xoşlamayan Qurban Qurbanov belə, dünən dilə gəlib bunları dedi: "Hakimdən başqa hamı dedi ki, təmiz qoldur. Hətta rəqib komandanın nümayəndələri də. Daha diqqətli olmalıdırlar".

Vəziyyət heç də göründüyü kimi sadə deyil və "Qarabağ" tərəfi də bunun fərqindədir.

Deyəsən, "Neftçi"nin son iki turdakı qələbəsi tərəfdaşlarını yeni sevdaya salıb. "Qarabağ"ın büdrə(dil)məsi sayəsində çempion ola bilərik" eşqinə düşüblər.

Yoxsa Stuxlikin hakimlikdən bixəbər tələbəsi Elçin Məsiyev dünənki hoqqalardan niyə çıxsın ki?

Çempionatımıza belə çirkin rəqabət gətirməkdənsə, gedin region klublarını, onun azarkeşlərini meydanlara qaytarın. Əmin olun, gözlədiyinizdən də qat-qat üst səviyyədə rəqabətə şahid olacağıq. Yetər ki, cəhd edin.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!