Orada (Konfrans Liqasında) Marko Yankoviç, burada Kadi Borges (Premyer Liqada)…
«Qarabağ»ın futbolçuları psixoloji basqıdan əziyyət çəkir. Ümumiyyətlə, bu problem neçə müddətdir mövcuddur və tezliklə həll olunana oxşamır. Necə oxşasın, Qurban Qurbanov tək, onlar isə çoxdur.
Qurbanovun 7-8 köməkçisi olar ki, az olmaz. Əksəriyyətinin ona köməyi dəymir. Yalan-pışdan əyləşiblər texniki zonada. Komandanın fiziki hazırlığı yüksək səviyyədə deyil, aşağıdır. O qədər aşağıdır ki, meydanda 1 saatdan artıq mübarizə apara bilmirlər, oyundan tez düşürlər. «Fizika» qaydasında olmayınca, digər problemlər üst-üstə yığılır. Qurbanovun fiziki hazırlığa məsul köməkçilərini dəyişmək, yaxud onlara son xəbərdarlıq etmək kimi bir fikri olsa, mən də razılaşaram. Zənnimcə, bunun vaxtı çatıb, qərar verməyə gecikməməlidir.
Axır 3 ayda «Qarabağ» 11 yeni legioner gəlib. Onlar adaptasiya prosesini hələ keçməyib: kimisi zədəli, kimisi də başqa problemlər yaşayır.
Təzələrə nümunəsi olması gərəkənlər köhnələrdir. Marko Yankoviç, Kadri Borges, Pedro Bikalyo kimi. Di gəl, köhnələr «hoqqa» verir. Yankoviç «Tvente» ilə Konfrans Liqasının pley-off mərhələsinin cavab matçının əlavə vaxtında əsəblərinə hakim ola bilməyib rəqibini yumruqlayır, Bikalyo cinah ötürməsinin qarşısını kəsmək yerinə topa arxasını çevirirvə ikinci qolun vurulmasına şərait yaradır, Borges də Sumqayıtda təpik atır.
Bütün bu hallar sıradan bir komandada baş vermir, «Qarabağ»da olur. Olmaması lazım ikən. Deməli, Qurbanov ya cəza tədbirlərini sərtləşdirməli, ya da başqa vasitələrə əl atmalıdır. Məsələn, pul cəriməsinin məbləğini üç-dörd dəfə artırmaq kimi. Belə deyim var ki, cinin canı şüşədə olduğu kimi, futbolçunun da canı puladır. İldə 600-700 min dollar, yaxud 1 milyon dollar qazanan futbolçuya 15-20 min cərimə kəssən, vecinə gəlməyəcək. Amma bu rəqəmi 40-50 min dollara çatdırsan, ondan da yüksəyə qaldırsan, istər-istəməz özünü yığışdıracaq, əsəb sisteminə «stop» qoşacaq.
KAMİL
