Son illər ölkə futbolunun "qaymaq" yerliləri "Qarabağ"da olurdu.
Daha olmayacaq. Toral Bayramov da getdi, Elvin Cəfərquliyev isə yol üstündədir.
Bircə dişə batacaq Bəhlul Mustafazadə qaldı.
Qurban Qurbanov onları marsdan tapıb gətirmirdi. Heç ala qaşlarına, ala gözlərinə də vurulmamışdı. Sadəcə yerli oyunçu limitinə görə tədricən püxtələşdirib, abıra mindirirdi.
"Qarabağ"a ulduz kimi qoşulmayıb, "Qarabağ"da ulduzlaşmışdılar.
İllərə hesablanan böyük sistemin bir detalı da yerlilərin inkişaf etməsinə hesablanmışdı.
"Qarabağ"ın Avropadakı uğurlarını şirin edən həm də bu məqam idi. Rəşad Sadıqovun "Rusenborq"a vurduğu, Mahir Emrelinin, Musa Qurbanlının Çempionlar Liqasına aparan, Bəhlul Mustafazadənin pley-offa daşıyan qolları ilə şirin idi "Qarabağ".
Vüqar Nadirovun "Sent Etyen"ə, "Visla"ya vurduğu, Nəriman Axundzadənin "Braqa"nı məhv etdiyi qollarla "Qarabağ" milli qürur mənbəyimizə çevrilmişdi.
Nə qədər çətin olsa da Qurbanov futbol qəbiristanlığından kimlərisə tapıb, üzərində işləyib, yeni nəfəs verib, ölkə futboluna qazandırırdı. Paralel olaraq Avropada tarix yazırdı.
Danışmaqdan ağzımız yara oldu ki, digər pullu klublarımız da bu yolla getsin.
İddialı 4-5 klubumuz hərəsi 2-3 Elvin yetişdirməklə paralel Avropada uğurlu ola bilərdi.
Ortada "Qarabağ" kimi nümunə var.
Amma təəssüf ki, sadə həqiqəti başa sala bilmədik.
Başa düşənlər də həqiqəti şəxsi maraqlarına qurban verdi/görməzdən gəldi.
Bundan sonra həmin nümunə də olmayacaq.
Azərbaycanlı futbolçulara qənim kəsilərək bu günlərin xəyalını quranları təbrik etmək olar. Arzunuza çatdınız.
Tələb təklif dünyasıdır.
"Qarabağ" da edilən tələbə uyğun yoluna davam edəcək. Bəlkə də özü nəsə itirməyəcək, daha da böyüyəcək.
Azərbaycan futbolu isə dəqiq itirdi. Allah bilir daha neçə il geriyə atıldıq. Başımız sağ olsun!
XANOĞLAN / SPORTİNFO.AZ

