Bu gedişlə “Qarabağ”da yerli futbolçu qalmayacaq.
Amma yox, olmalıdır.
Peşəkar Liqasının Əsasnaməsinə əsasən çempionat oyunları üçün tərtib olunan “23-lük”də maksimum 17 legioner yer ala bilər. Yerdə qalanlar təbii ki, yerlilər olacaq.
Qurban Qurbanovun bir fasilə dönəmində bu qədər yerli futbolçudan imtina etdiyini xatırlamıram, açığı. Hətta ən uğursuz dönəmlərdə belə, bu, baş verməyib.
Nəriman Axundzadə, Ramil Şeydayev, Toral Bayramov, Elvin Cəfərquliyev və Abbas Bağırov növbəti mövsümdə “Qarabağ”da olmayacaq. Birdən-birə beş yerli futbolçuyla vidalaşmaq...
Bu, sıradan göstərici, yaxud fakt deyil. Bu, Qurban Qurbanovun qəzəbidir. Üsyanıdır. Partlayışıdır. “Bəsdir, daha nə qədər olar” hayqırtısıdır.
Azərbaycanlı futbolçuların əksəriyyətinin ən böyük problemi 5 manat görən kimi ayaqlarının altına baxmağı yaddan çıxarmalarıdır. Bir az populyarlaşan kimi burunlarını ucunu görmürlər. Yeriş tərzi dəyişir, qollar bədəndən yarım metr aralanır. Əyləncə, kef-damaq, özünü legionerlər kimi müasir göstərmək həvəsi və sair.
Bir azərbaycanlı üçün Çempionlar Liqasının pley-off mərhələsi bilirsiniz nə deməkdir? Həyatın ən böyük həzzidir, “zirvə budur, bundan o tərəfi” yoxdur anlayışıdır. Nüfuz artır, çevrə böyüyür, sosial şəbəkələrin ulduzuna çevrilir, lüks maşın, bahalı mənzil, bağ-baxça – daha nə istəyirsən?
Elvin, Toral, Abbas dünənə qədər cavan idi, irad bildirəndə başlarını aşağı salmağı özlərinə ayıb bilmirdilər. İndi böyüyüblər, ailə-uşaq sahibi olublar. Qurban Qurbanovun göstərişi, iradı, qadağası arxa plana keçib. Ön planda başqa şeylər durur çenki.
Qurbanov bir dözdü, iki dözdü, üç dözdü. Aylardır, bəlkə də aylardır içində yığılıb qalan alovu püskürdü. Dedi, kim olursan ol, mən olan yerdə artıq-əskik danışa, hərəkət edə bilmərsən.
Ona görə də “Qarabağ”ın qapılarını açıb Toralı daha yaxşı blogerlik edə biləcəyi Türkiyəyə, Nərimanı ruhuna uyğun ABŞ-a göndərdi. Elvinə də “başua”nı rahat qışqırmaq üçün Avropanın uyğun şəhərlərindən birini seçmək imkanı yaratdı..
Abbas da çox güman, Rəşad Sadıqovun yanına – “Zirə”yə gedəcək. Ramil də heç, futbolla 3 il bundan əvvəl – “Qarabağ”dan “Buriram Yunayted”ə pul dalınca qaçanda vidalaşmışdı.
Limitin olmadığı çempionatda ən yaxşısı elə legionerlərlə oynamaqdır. Xarakterləri göz qabağında, oynadıqları futbol ortada. O de, “Sabah” kimi.
HƏBİB / SPORTİNFO.AZ

