“Qarabağ”ın əsas heyətindən kənarlaşdırılan Elvin Cəfərquliyev yeni mövsümə başqa klubda başlayacaq.
Baş məşqçi Qurban Qurbanov milli üzvü ilə bağlı qərarını çoxdan verib.
“Köhlən atlar”ın istəyi klubla müqaviləsi davam edən sol cinah müdafiəçisinin transferindən gəlir əldə etməkdir.
Son bir ayda Elvinin adı Avropanın müxtəlif klublar ilə yanaşı çəkilib ki, bu da anlaşılandır.
Bəs, real vəziyyət necədir? Yazılan məlumatlar həqiqəti əks etdirirmi?
İndiki məqamda Elvinin hansısa klubla anlaşması müzakirə mövzusu deyil.
Çünki bu günə qədər onunla bağlı nə “Qarabağ”a, nə özünə, nə də agentinə rəsmi təklif ünvanlanıb.
Hə, maraqlananlar, qiymət soruşanlar var. Ancaq konkretlilik yoxdur. Bu da mövsümün başa çatmaması, bir çox klubların namizədlər arasında seçim etməsi ilə bağlıdır.
Sözsüz, Elvin Azərbaycan səviyyəsində yüksək səviyyəli futbolçu sayılır. Lakin Cənubi Amerika, Afrika və Avropa ölkələrində onun kimilərin sayı kifayət qədərdir.
Hətta yaşı daha az, potensialı daha yüksək. Sadəcə qanı qanımızdan, canı canımızdandır deyə, onu dünya ulduzlarından biri hesab edirik.
Odur ki, Cəfərquliyevin anlaşacağı klubun adına yaxın zamanda aydınlıq gələcəyi gözlənilmir. Bu, ən yaxşı halda iyul ayında baş verə bilər.
HƏBİB / SPORTİNFO.AZ

