Elvin Cəfərquliyev "Qarabağ" rəhbərliyinin qəbulunda - İki istəyi var

14:40 Qarabağ 182
Elvin Cəfərquliyev "Qarabağ" rəhbərliyinin qəbulunda - İki istəyi var

Bir neçə həftə öncə «Qarabağ»ın əsas komandasından uzaqlaşdırılan Elvin Cəfərquliyev yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcək.

Məqsədi karyerası ilə bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirmək, transfer qiymətini dəqiqləşdirməkdir.

Müdafiəçinin niyyəti Azərbaycanda qalmamaqdır. Sol cinah oyunçusu artıq dəqiq bilir ki, Qruban Qurbanov onu bağışlamayacaq, geri qaytarmayacaq.

Başa düşür ki, yerli klublardan heç biri ona görə istəniləcək transfer haqqını ödəmək iqtidarında deyil.

26 yaşlı futbolçu Avropanın bəzi ortabab klublarından təklif alıb. Portuqaliyadan «Braqa», Serbiyadan «Partizan», Macarıstandan «Ferentsvaroş» - bunlar Elvinlə yaxından maraqlanan komandalar sırasındadır.

Hazırda əvəzedici heyətin sıralarında yer alan müdafiəçinin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Son iki həftədə sol cinah oyunçusuna yerli və xarici komandaların marağı artıb, amma hələ rəsmi təklif irəli sürən olmayıb.

«Qarabağ» hələlik onun transfer qiymətini gizli saxlayır. Müxtəlif menecerlər Elvinə görə «köhlən atlar»la əlaqə saxlayıb.

Sadəcə, danışıqlar ciddi səviyyəyə qalxmadığından, Ağdam təmsilçisi istədiyi məbləği açıqlamağa tələsmir.

«Rəsmi təklif gəlsə, oturub danışa bilərik, yoxsa hərəyə bir qiymət deyə bilrmərik» - «Qarabağ»a müraciət edən agentlər bu cür cavab alıb.

Yer gəlmişkən, Elvin Cəfərquliyev və Abbas Hüseynova yeni qadağa tətbiq olunub. Onlar artıq klubun Suraxanıda yerləşən bazasına gələ və fərdi məşq edə bilməzlər. Bu göstəriş Qurban Qurbanovdan gəlib.

Baş məşqçi nizam-intizam kodeksini dəfələrlə kobudcasına pozmuş futbolçuların daha onun qarşısına çıxmasını istəmir.

«Kimi görsəm də, onları gözüm görməsin» həddinə çatan təcrübəli mütəxəssisin yanaşması təbii qəbul olunmalıdır.

Oyunçular dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, hərəkətlərinə çəki-düzən verməyibsə, Qurbanov daha neyləməlidir?

Sərt cəza tədbiri seçilməlidir ki, digərlərinə də dərs olsun, hədlərini aşmasınlar.

Elvinin əsas komandasından kənarlaşdırılmasına səbəb onun Abbasla birlikdə kef məclisi təşkil etməsidir.

Belə ki, cütlük «Şamaxı» ilə 0:0 bitən səfər matçından sonra əyləncə gecəsi keçirib.

Restoranda başlayan «mərəkə» daha sonra oteldə davam edib. Qurban Qurbanov hadisədən xəbər tutunca, onları əvəzedici heyətə göndərib.

Hüseynovun müqaviləsi 1 ay sonra başa çatacaqsa, Cəfərquliyev 2027-ci ilin yayınadək «Qarabağ»a məxsusdur.

Son ölkə çempionu Abbasla kontraktın müddətini uzatmayacaqsa, Elvinin taleyi gələcək dəvətlərdən asılıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti