Bu "Qarabağ" kimə lazımdır?
Sual Ağdam klubunun "İmişli" ilə son matçında çəkilmiş kollektiv fotoya baxanda ağlımdan keçdi.
Start heyətində cəmi 1 azərbaycanlı futbolçu Toral Bayramov idi.
Artıq mənzərə adət halına çevrilib. Həftələrdi "köhlən atlar" meydana bir yerli oyunçu ilə çıxır.
"Qarabağ"ın Avropadakı fantastik nəticələri ətrafına böyük azarkeş kütləsi yığıb.
Böyük sevginin, istiliyin arxasında həm də həmin böyük uğurlarda azərbaycanlı balaların payının olmasıdır.
Klub ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazananda heyətində cəmi 1 əcnəbi futbolçu var idi.
Sonrakı illər Qurban Qurbanov əsas heyətdə ən azı 4-5 yerliyə güvənirdi.
Ən son Çempionlar Liqasında minimum 2 azərbaycanlı daim əsas heyətdə yer alırdı. Bəzən say 3-4 belə olurdu.
Unudulmayan matçlar siyahısında olan "Rusenborq" zəfərinin memarı Rəşad Sadıqov olmuşdu.
İlk dəfə çempionlar liqasına Mahir Emrelinin vurduğu qolun hesabına yollanmışdıq.
Elə ötən mövsüm də Çempionlar Liqasına məhz Nəriman, Musa kimi azərbaycanlıların hesabına yollanmışdıq.
Liqa mərhələsindən pley-offa vəsiqəni Bəhlul Mustafazadənin qolu ilə qazanmışdıq.
Bu kimi faktlar çox saymaq olar.
Bütün bunlar klub ətrafında milliliyi artırırdı.
Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov, Maksim Medvedev, Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə, Mahir Emreli, Musa Qurbanlı kimi yerlilər də bu xoş mənzərədə böyüyürdü.
Siyahını çox uzatmaq olar.
Əbəs deyil ki, illərdi milli komandanın onurğasını "Qarabağ"ın oyunçuları təşkil edirdi.
Qurban Qurbanov səviyyəli əcnəbilər arasında hər mövsüm 1-2 azərbaycanlıya şans verib, inkişaf etdirirdi.
Uzun illərdir bu mexanizm əla çalışırdı.
Ən son Hikmət Cəbrayılzadə nümunəsi vardı.
18 yaşlı Hikmət 100 il də keçsə, Marko Yankoviçlə, Pedro Bikalyo ilə rəqabətdə qalib gələ bilməz. Amma limitə görə Qurbanov tədricən ona şans verirdi. Bəlkə də markoların, bikalyoların yanında inkişaf edib növbəti Qara Qarayev ola bilərdi.
Təəssüf ki, legioner limitinin ləğvi ilə bu xoş mənzərə də gorbagor oldu/edildi.
Daha Qurbanova da elvinlər, nərimanlar, musalar, qaralar, mahirlər maraqlı gəlmir/gəlməyəcək/gəlməməlidir!
Tələb təklif dünyasıdır.
Klubu qınamağa zərrə dəyməz.
Avropadan hazır futbolçuları gətirib oynadacaq.
Qurbanov da daha yerlilərin nazı ilə oynayıb, uşaq futbolunda öyrənmədiklərini uşaq kimi onlara öyrətməyəcək.
Bundan isə nə klub itirir, nə də baş məşqçi. Çalışdırıcıya belə daha rahatdır.
Amma Azərbaycan futbolu çox şeylər itirir/itirəcək.
Hətta bununla olmayan futbolumuz daha böyük bataqlığa sürgün edilir.
Qısası, dünənki "Qarabağ"dan milli faydalanırdı, futbolumuza yararlanırdı. Yeni reallıqlar üzərində qurulacaq "Qarabağ"dan həmin faydanı qopara bilməyəcəyik.
XANOĞLAN / SPORTİNFO.AZ

