Elvini almaq istəyən klubların nəzərinə - “Qarabağ”dan XƏBƏR

15:00 Qarabağ 461
Elvini almaq istəyən klubların nəzərinə - “Qarabağ”dan XƏBƏR

«Qarabağ» bir müddət əvvəl əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyevin transfer qiymətini gizli saxlayır.

Bu haqda klubdan saytımıza bildirilib.

Qeyd olunub ki, hazırda əvəzedici heyətin sıralarında yer alan müdafiəçinin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Son iki həftədə sol cinah oyunçusuna yerli və xarici komandaların marağı artıb, amma hələ rəsmi təklif irəli sürən olmayıb.

Müxtəlif menecerlər Elvinə görə «köhlən atlar»la əlaqə saxlayıb. Sadəcə, danışıqlar ciddi səviyyəyə qalxmadığından, Ağdam təmsilçisi istədiyi məbləği açıqlamağa tələsmir.

«Rəsmi təklif gəlsə, oturub danışa bilərik, yoxsa hərəyə bir qiymət deyə bilrmərik» - «Qarabağ»a müraciət edən agentlər bu cür cavab alıb.

Yer gəlmişkən, Elvin Cəfərquliyev və Abbas Hüseynova yeni qadağa tətbiq olunub. Onlar artıq klubun Suraxanıda yerləşən bazasına gələ və fərdi məşq edə bilməzlər. Bu göstəriş Qurban Qurbanovdan gəlib.

Baş məşqçi nizam-intizam kodeksini dəfələrlə kobudcasına pozmuş futbolçuların daha onun qarşısına çıxmasını istəmir.

«Kimi görsəm də, onları gözüm görməsin» həddinə çatan təcrübəli mütəxəssisin yanaşması təbii qəbul olunmalıdır.

Oyunçular dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, hərəkətlərinə çəki-düzən verməyibsə, Qurbanov daha neyləməlidir?

Sərt cəza tədbiri seçilməlidir ki, digərlərinə də dərs olsun, hədlərini aşmasınlar.

Elvin üç həftə öncə «köhlən atlar»ın əsas komandasından kənarlaşdırılıb. Buna səbəb onun Abbasla birlikdə kef məclisi təşkil etməsidir.

Belə ki, cütlük «Şamaxı» ilə 0:0 bitən səfər matçından sonra əyləncə gecəsi keçirib.

Restoranda başlayan «mərəkə» daha sonra oteldə davam edib. Qurban Qurbanov hadisədən xəbər tutunca, onları əvəzedici heyətə göndərib.

Hüseynovun müqaviləsi 1 ay sonra başa çatacaqsa, Cəfərquliyev 2027-ci ilin yayınadək «Qarabağ»a məxsusdur.

Son ölkə çempionu Abbasla kontraktın müddətini uzatmayacaqsa, Elvinin taleyi gələcək dəvətlərdən asılıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti