“Qarabağ” kubokun finalında kimə azarkeşlik edəcək?

21:00 Qarabağ 135
“Qarabağ” kubokun finalında kimə azarkeşlik edəcək?

“Qarabağ” arzuolunmaz vəziyyətlə üzləşib.

Çempionluğu əldən verməklə Çempionlar Liqasında oynamaq şansını qaçıran “köhlən atlar” Azərbaycan kubokunun yarımfinalında uduzub Avropa Liqasına vəsiqə şansını riskə bağladı.

İndi Avropa Liqasının taleyi “Qarabağ”ın əlində deyil.

“Zirə” ölkə kubokunun finalında “Sabah”ı məğlub etsə, Avropa Liqasına yollanacaq. “Qarabağ” isə Konfrans Liqasında çıxış etmək məcburiyyətində qalacaq.

Təbii ki, yaranmış vəziyyət “Qarabağ”ın düşərgəsində narahatlıq yaranıb. İndi onların ən böyük arzusu “Sabah”ın qalib gəlməsidir ki, üçüncü səviyyəsli klub turnirində yox, Avropa Liqasında mübarizəyə qoşulsunlar.

“Köhlən atlar”ın kolumbiyalı müdafiəçisi Kevin Medina Sportinfo.az-a açıqlamasında yekun nəticəyə xüsusi önəm vermədiyini bildirib:

“Kimin qələbə qazanması mənim üçün fərq etmir. Kim layiqdirsə, kim daha üstündürsə, o da qalib olacaq.

Bizim üçün turnirin fərqi yoxdur. Çünki indiki göstərici ilə avrokuboklara vəsiqəni təmin etmişik. Üstəlik, indiyə qədər hər üç turnirin qrup mərhələsində iştirak etmişik.

Hansı yarışda oynamaq nəsib olacaqsa, ona hazırlaşacağıq. Hansısa komandaya xüsusi şəkildə azarkeşlik etməyəcəyəm.

Ancaq o başqa məsələ ki, “Sabah” mövsümü “qızıl dubl”la başa vurmağa çalışacaq”.

Mayın 13-də “Palms Sports Arena”da keçiriləcək “Sabah” – “Zirə” qarşılaşması saat 20:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti