“Bizim heç kimlə düşmənçiliyimiz yoxdur” – “Qarabağ”ın hücumçusu

20:40 Qarabağ 128
“Bizim heç kimlə düşmənçiliyimiz yoxdur” – “Qarabağ”ın hücumçusu

“Sabah”la “Qarabağ”ın oyunları qalmaqalsız ötüşmür.

Premyer Liqanın 22-ci turu çərçivəsində baş tutan “Qarabağ” – “Sabah” qarşılaşmasının (3:3) son dəqiqələrində iki komandanın məşqçiləri arasında insident yaşanmış, nəticədə Valerio Zuddas (Sabah), Müşfiq Hüseynov və Zaur Tağızadə (hər ikisi “Qarabağ” )ağır cəzaya məruz qalmışdı.

Ölkə kubokunun ilk yarımfinal oyunu çərçivəsində gerçəkləşən “Qarabağ” – “Sabah” (2:2) matçında Elvin Cəfərquliyevlə Akem Zedadka kəllə-kəlləyə gəlmiş, Qurban Qurbanov araya girib futbolçuları sakitləşdirmişdi.

Ölkə kubokunun cavab oyunu çərçivəsində keçirilən “Sabah” – “Qarabağ” görüşünün (2:1) son saniyələrində Rəvan Həmzəzadə qonaqların qapısına penalti təyin etmədiyi üçün əsəblər gərilmiş, hakimlə “Qarabağ”ın oyunçuları arasında münaqişə yaşanmışdı.

Çempionluq uğrunda mübarizə aparan komandaların duellərində xoşagəlməz olaylara şahidlik etdiyimiz halda, əzəli və prinsipial rəqiblər sayılan “Neftçi”ylə “Qarabağ” aprel ayında baş tutan iki qarşılaşmasında heç kimin “tükü yerindən tərpənmədi”.

“Neftçi”nin 1:5 hesablı məğlubiyyəti, növbəti matçda “ağ-qaralar”ın 5 illik qələbəsizlik sindromuna son qoyub 2:1 qalib gəlməsi də insidentə səbəb olmadı. Halbuki bu komandaların oyunları hər zaman gərginliyi ilə yadda qalıb.

Maraqlıdır, “Qarabağ”ın “Sabah”la duellərində niyə xoş olmayan mənzərə yaranır? Niyə hər dəfə söz-söhbətə yol açılır?

“Köhlən atlar”ın hücumçusu Musa Qurbanlı Sportinfo.az-ın mövzuyla bağlı sualını cavablandırıb:

“Bizim heç kimlə düşmənçiliyimiz yoxdur, ola da bilməz. Bütün rəqiblərə eyni gözlə baxır, eyni cür yanaşır, eyni cür hörmət edirik.

Ola bilsin “Sabah”la çempionluq mübarizəsi aparırdıq deyə belə alınırdı. Bəzən hakimlərin qərarları da bizi təxribata çəkirdi.

Yenə deyirəm, “Sabah”a hörmətlə yanaşırıq. İstəməzdik və istəmirik ki, belə hallar yaşansın”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti