Bir ay sonra «Qarabağ»da «yarpaq tökümü»nə start veriləcək.
Səlahiyyət tamamən baş məşqçidədir.
Fevraldan bəri oyunları yola verənlər Qurban Qurbanovun gözünün qabağındadır. Hamısının yaxasından yapışacaq, tək-tək yapışacaq.
Sorğu-sual otağına çağıracaq, o stulda əyləşdirəcək, cavab tələb edəcək. Kim bir az «nəm-nüm» elədisə, adına, müqavilə müddətinə baxmadan qapıdan yola salacaq.
İşin içindən bəzi sürpriz adlar da çıxacaq. Hansılar ki, media və ictimaiyyət onların «Qarabağ»dan göndəriləcəyini ağlının ucundan keçirmir hələ.
Bu, «təmizləmə aksiyası» olmayacaq, «silib-süpürmək əməliyyatı» olacaq.
«Qara siyahı» dünəndən hazırdır. 10-dan artıq futbolçunun adı alt-alta yazılıb orada.
Kimlər var o dəftərdə? Müqaviləsi qurtaranlarla yanaşı, kontraktı davam edən bir neçə nəfər.
Həm yerlilər, həm legionerlər. Anlaşması qüvvədə olanlar sərbəst çıxıb gedə bilməyəcək.
Hər birinə müəyyən qiymət qoyulacaq - müştərilərə təzminatın məbləğində güzəşt edilməyəcək. Müəyyənləşdirilən qiymət nədirsə, o da ödənilməlidir.
Ağdam klubunun mövsümü titulsuz başa vuracağı dəqiqləşib. «Köhlən atlar» çempionat və kubok yarışmasında «Sabah»a məğlub olub.
SPORTİNFO.AZ

