“Qarabağ”ın legioneri Kevin Medina Sportinfo.az-a müsahibə verib.
33 yaşlı “tank” ləqəbli müdafiəçi “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra son həftələrdə komandası ilə bağlı ortaya çıxan sualları cavablandırıb.
- Özünü necə hiss edirsən?
- Dadlı, ləzəttli.
- Yorğunluq var?
- Qətiyyən! Sabah daha bir 90 dəqiqəyə hazıram.
- Məyusluq necə?
- O niyə?
- Çempionluq və kubok titullarından kənarda qaldığınıza görə.
- Futbolda hər şey hər dəfə sənin istədiyin kimi ola bilməz. Bizimlə yanaşı eyni istək və həvəslə çalışan komandalar var. Əvvəlki illərdə xoşbəxtlik tərəfimizdə olurdusa, bu dəfə rəqiblərimizin üzü güldü. Heç nə bitməyib, həyat davam edir. Əksinə, daha çox işləmək lazımdır ki, əvvəlki sevinci və xoşbəxtliyi qaytaraq.
- “Sabah” futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməyi bacardı. Səni də?
- Xeyr, məni təəccübləndirmədi. Təxminən 2 il əvvəl verdiyim müsahibədə bildirmişdim ki, “Qarabağ” üçün əsas rəqib gəlir – “Sabah”. Çempionatı diqqətlə izləyən və futboldan başı çıxan adam “Sabah”ın inkişaf prosesində olduğunu və uğura doğru inamla addımladığını mütləq görüb. İllərdir çəkilən əziyyət gec-tez bəhrəsini verəcəkdi. Şəxsən bunu gözləyirdim.
- “Sabah”ı saxlamaq həqiqətən çətin idi, yoxsa “Qarabağ” yol verdiyi səhvlərlə buna imkan yaratdı?
- Çempionlar Liqası kimi mötəbər turnirdə çıxış edəndə diqqətimizi tam şəkildə ora yönəltmişdik. Çünki Liqa mərhələsini adlamaq və bacardıqca irəliləmək istəyirdik. Təəssüf ki, həmin dönəmdə diqqətimiz Premyer Liqadan yayındı, tam köklənə bilmədik. Belə olduğu halda gedişatda vacib xallar itirdik. Bundan sonra saatlarla danışmaq heç nəyi dəyişməyəcək. Hər bir halda “Sabah”ı layiqli çempionluq münasibəti ilə təbrik edir və uğurlar arzulayıram.
HƏBİB

