Qurban Qurbanova iki-üç aydır eyni sual verilir
- Yayda yeni transferlər olacaqmı?
O, daha «hər mövqeyə yeni oyunçu axtarırıq» demir cavabında.
Beş-altı transfer istədiyini söyləyir.
Gerçək olan isə yalnız bu deyil.
Qurban Qurbanov Çempionlar Liqasında tufan qoparıb, Premyer Liqada fısı yatan komandanı dəyişməyə hazırlaşır. Görəcəksiz, mən deyən olacaq.
Çünki yaxşı tanıyıram Qurbanovu. Xasiyyətini, xarakterini bilirəm.
O, təsəvvür edə bilməyəcəyiniz qədər qəzəblidir. Bu qəzəb futbolçularına və hakimlərədir.
Rəhim Həsənovun sədr olduğu komitənin «Qarabağ»ın çempionluq və kubok yolunu bağlamaq üçün müəyyən dairələrdən tapşırıq almasına əmindir.
Bu işi belə qoymayacaq amma. Bir az da belə davam eləsə, münasibət dəyişməsə, hər şeyi kənara qoyub, səlahiyyətləri ağ yuyub, qara sərəcək. «körpülər»in yanmasına baxmayacaq.
«Al, gəldi!» başlayacaq. Axıradək gedəcək, geri çəkilməyəcək.
Sakit görünüşlü şəxslərin qəzəbi yeri və göyü tutmaz, şahə qalxar, nə qalxar! Dağıdar hər yeri, ürəyi yenə soyumaz.
Hakimlərdən «Qarabağ»a qərəzli yanaşanlar, onların ağaları qoy bunu yaddan çıxarmasın.
Qurbanov od püskürsə, o federasiyada, o komitədə bir başıpapaqlı qalmayacaq.
MUSA

