30-cu turun mərkəzi qarşılaşması ölkənin mərkəzi stadionunda baş tutacaq.
Çempionluqdan əli üzülən “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda turnir cədvəlindəki əsas rəqibi “Turan Tovuz”u qəbul edəcək.
Premyer Liqanın başa çatmasına sayılı günlər qalmış bu qarşılaşmanın yekun nəticəsi hər iki komanda üçün həyat əhəmiyyəti daşıyır. 3 xal xüsusən “Qarabağ”dakılara vacibdir.
29 turdan sonra 59 xala sahib ağdamlılar 2-ci pillədə qərarlaşıbsa, aktivində 56 xal olan tovuzlular 3-cüdür.
Bildiyiniz kimi, “Sabah” Azərbaycan kubokuna da sahib olsa, 2-ci yerin sahibi Avropa Liqasına vəsiqə qazanacaq. Bu isə həm maddi baxımdan yaxşı qazanc, həm də status cəhətdən əlverişlidir. Yəni Çempionlar Liqasından əli üzülən “Qarabağ”ın Avropa Liqasına vəsiqə verən yeri də əldən buraxması psixoloji baxımdan ciddi fəsadlara yol aça bilər.
“Turan Tovuz” üçün turnirin adının ciddi önəmi yoxdur. Əsas olan Avropa səhnəsində mübarizə aparmaq imkanı qazanmaq, ölkəni təmsil etmək, bölgədəki azarkeşləri sevindirməkdir.
“Köhlən atlar” hədəfə çatmaq üçün şəxsi görüşü mütləq qalib başa vurmalıdır. Heç-heçə də müəyyən mənada əlverişli sayıla bilər. Belədə aradakı 3 xallıq fərq qorunacaq ki, “Turan”la müqayisədə “Qarabağ”ın təqvimi nisbətən asandır.
İndiki vəziyyətdə qərb təmsilçisini oyunun favoriti adlandıra bilərik.
“Qarabağ”ın çempionluğu və kuboku əldən verməsindən sonra əzəli rəqibi “Neftçi”yə məğlub olması daxildəki vəziyyəti nisbətən ağırlaşdırıb. 2-ci pillənin də əldən çıxma ehtimalı istər-istəməz müəyyən narahatlıq yaradıb.
Bu azmış kimi, ötən mövsümün çempionu meydana 8 futbolçusu olmadan çıxacaq. Şahruddin Məhəmmədəliyevlə Bəhlul Mustafazadə zədədən əziyyət çəkirsə, intizam qaydalarını pozan Elvin Cəfərquliyevlə Abbas Hüseynov əvəzedici komandaya göndərilib. Dani Bolt atasının ölümü ilə əlaqədar vətəni Braziliyaya yola düşüb.
Əsas heyətin dəyişməz üzvləri Kadi Borges, Joni Montiel və Kamilo Duran da görüşü kənardan izləyəcək. Adları çəkilənlər “Neftçi”ylə derbidə sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.
Kurban Berdıyevin gəlişindən, yəni heyət güclənəndən sonra “Qarabağ”la “Turan Tovuz”un qarşılaşmaları gərginliyi ilə yadda qalıb.
2024-cü ilin avqustundan bu yana Kurban Berdıyevlə Qurban Qurbanovun komandaları arasında 6 oyun baş tutub. Bunların 3-də sevinən tərəf “köhlən atlar” olubsa, 2-də “boz qurdlar”ın üzü gülüb. Yalnız bir halda heç-heçə qeydə alınıb.
Azarkeşlər 4 halda minimal hesablı qələbəyə şahidlik edib. Bir dəfə “Qarabağ” rəqibi üzərində 4:1 hesabı ilə qalib gəlib.
“Qarabağ” son 4 matçın hamısında rəqib qapısına yol tapmağı bacarıb. Başqa bir məqam ağdamlıların son 3 oyunda meydanı qalib tərk etməsidir.
Göründüyü kimi, statistik göstəricilər də matçın “köhlən atlar” üçün asan keçməyəcəyindən xəbər verir. İstər psixoloji amil olsun, istər ciddi itkilər, istərsə də Tovuz təmsilçisi ilə oyunların gərginliyi.
Hər bir halda 90 dəqiqə turun mərkəzi qarşılaşması adını doğruldacaq.
Mayın 4-də Respublika stadionunda gerçəkləşəcək görüş saat 19:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

