Baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyevin gələcək karyerası təhlükə altındadır.
Müdafiəçinin əsas komandaya qaytarılmaq ehtimalı sıfıra bərabərdir.
Təcrübəli mütəxəssis bu barədə fikirləri yaxın buraxmır.
Belədə 25 yaşlı futbolçunun yeganə çıxış yolu özünə yeni klub tapmasıdır.
Elvini məhz burada ağlamaq tuta bilər.
Ağdam klubu üzərinə böyük əməyi olduğu oyunçunu haqlı olaraq qəpik-quruşa satmaq fikrində deyil.
Söhbət təxminən 2-3 milyon manatlıq təzminatdan gedir.
Bu məbləği yerli klublardan hansısa birinin verəcəyi reallıqdan çox uzaqdadır.
Qalır yeganə variant onun ölkə xaricinə yollanması.
Cəfərquliyevə Avropadan təkliflər olanda Çempionlar Liqasında adından söz etdirirdi.
Bu gün isə adı ətrafında futbol yox, gecə həyatı söhbətləri tüğyan edir.
Hər halda, başverənləri onun xidmətində maraqlı olan əcnəbi klublar da izləyir/görür.
Bir də bunun idman tərəfi var.
Millimizin üzvü 2 həftədən artıqdır əsas heyətdə məşq etmir.
Günü ikinci komandada keçir.
U-20 millisinin təlim-məşq toplanışına görə Əvəzedici Liqalar keçirilmir.
Beləsə əsas komandanın məşqindən uzaq düşən arxa xətt oyunçusu rəsmi oyunlara da çıxmır.
Bundan sonra ən yaxşı halda ikincilərin oyununda meydanda olacaq.
Mövsümün sonuna isə ən azı bir ay var.
Ardınca yay tətili, istirahət günləri gəlir.
3 aya yaxın əsas komandadan uzaq, ən yaxşı halda əvəzedici liqaya möhtac qalmaq Elvin adına xoş hal deyil.
Mütləq ki, formasından uzaq düşəcək.
Bir də bunun üzərinə psixoloji durumu gələk.
Hər halda, yaşananlar Cəfərquliyev üçün də xoşbəxtlik gətirə bilməz.
Və bu vəziyyətdə olan birinə hər Avropa klubu da qapısını açası deyil. Həm də böyük məbləğdə təzminat bahasına.
Satış baş tutmadığı halda isə müdafiəçi qarşıdakı mövsümü də hazırkı şərtlər altında ikinci komandada keçirməli olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

