“Həmişə demişəm, “Qarabağ”ın futbolçusu olmaqdan qürur duyuram və özümü burada xoşbəxt hiss edirəm”.
Bu sözlərin müəllifi “Qarabağ”ın hazırkı heyətinin ən yaşlı oyunçusu Bədavi Hüseynovdur.
2012-ci ildən həm “Qarabağ”ın, həm də Azərbaycan millisinin uğurları üçün tər tökən mərkəz müdafiəçisinin yayda 35 yaşı tamam olacaq və klubla müqaviləsinin müddəti başa çatacaq.
Çempionatın sonuna bir ay qalmasına baxmayaraq, Bədavi ilə sözləşmənin yenilənməsi barədə hansısa məlumat yoxdur.
Maraqlıdır, özü bu barədə nə düşünür? Nisbətən az maaş müqabilində qalmağa razıdır? Yoxsa karyerasını başqa klubda davam etdirmək və sonlandırmaq barədə düşünür?
Fiziki gücü daha 1-2 il oynamağa imkan verir?
Öz dilindən eşidək:
“Bu dəqiqə bütün fikrim futboldadır. Oynamaq və fayda vermək istəyirəm.
15 ilə yaxındır klubdayam. “Qarabağ”a görə istənilən şərti qəbul etməyə hazıram. Çünki bura mənim evimdir və özümü başqa klubda təsəvvür etmirəm.
Bu mövzu ilə bağlı söhbət etməmişik. Mövsümün sonunda danışığımız olacaq. Son sözü baş məşqçimiz deyəcək.
Bundan sonra nə qədər oynaya bilərəm? Sağlamlığım imkan versə, 2 il”.
Bədavi Hüseynov “Qarabağ”ın formasında bütün yarışlarda meydana çıxdığı 375 oyunda 6 qol vurub, 5 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ

