«Qarabağ» son beş ayın ən yaxşı futbolunu «Neftçi»yə qarşı oynadı. Təkcə hesaba görə demirəm bunu. Ona qalsa, «Araz-Naxçıvan»a da 6 qol vurmuşdular.
Güc və istək olmasa, heç nə əmələ gəlməz. Güc və istək olandan sonra sürət də artır, ümumi dinamika da artır, hədəfə doğru getmək asanlaşır. Bu komponentlərin hamısı gərək üst-üstə düşsün ki, 90 dəqiqənin tamamında çöhrənə təbəssüm yayılsın, gülə-gülə paltardəyişmə otağının yolunu tutasan.
Yoxsa biri var, biri yox. Belə olanda da hər şey alayarımçıq alınır, başını itirirsən.
Son vaxtlar «Qarabağ»ın ən formada olan futbolçusu Musa Qurbanlıdır. Qurban Qurbanovun oğluna fərqli münasibət bəslədiyini, bəzən söz-söhbətlərdən çəkinərək onu ikinci plana atdığını demişəm. Və bu gün yenə deyirəm - əgər Musa bu gün Azərbaycanda «x» bir komandanın formasını geyinsəydi, «Qarabağ» ona yüksək məbləğ ödəyərəu sıralarına qatardı. Bu cavan oğlan artıq bişmiş kadrdır, Premyer Liqa hücumçusudur. Musaya münasibətdə ədalətli davranmaş şərtdir, Qurbanov ailə məsələsini kənara qoymalı, «qıraqdan baxanlar nə deyərlər» düşüncəsini başından atmalıdır. Hazırdırsa, komanda üçün əlindən gələni etmək gücündədirsə, qalibiyyətdən, qol vurmaqdan ötrü alışıb-yanırsa, qeyd-şərtsiz, tərəddüd etmədən forma ona təslim edilməlidir. Musa bu formanın haqqını derbidə verdi. Hirsi, zəkası, vurduğu iki qolla verdi. «Neftçi»nin müdafiə xəttini təkbaşına «barmağına doladı», onlardan bir saniyə tez düşündü, tez hərəkət elədi, doğru mövqeyə açıldı, toru da silkələdi.
Ola bilsin, Musa səviyyəsinə görə Kamil Durandan geri qalsın. Ola bilsin ki, yarımmüdafiə xəttində çıxış edən legionerlər üçün kolumbiyalı ilə anlaşmaq daha rahatdır. Duranın səviyyəsinə şübhə bəsləmirəm, lakin gördüyümü da deməliyəm - hazırda aparıcı fiqurlarının heç biri Qurbanlı qədər «Qarabağ»a can yandırmır. Mövsüm bu əcnəbilər üçün üç-dörd ay qabaq bitib. Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazandıqları gün mövsümün bağlanış fitini çalıblar özləriyçün. Musa Qurbanlı və Mateus Silvanın sərf etdiyi əmək, güc və irad digərlərində yoxdur indi. Qurban Qurbanov təsadüfən Abdulla Zubiri son matçda ehtiyata çəkmədi. Kapitan super texnikalıdır, rəqib keçməkdə asdır, boş zonaya açılan komanda yoldaşına ötürmə verməkdə, zərbə mövqeyinə çıxarmaqda xəsislik etmir, gəl ki, ləngdir. Topla hərəkət sürəti aşağı olduğundan, «Qarabağ» kəskin əks-hücumlar qurmaqda gecikir, bəzi hallarda isə növbəti hücum partiyasının tempi çox aşağı enir.
Əminəm ki, Qurban Qurbanov son ayların oyun və nəticə tablosundan özü üçün dəqiq dərslər çıxarıb. Mövsümün ən ağır dönəminə hansı futbolçunun nə fikirlə və necə daxil olmasını müəyyənləşdirib, 1 ay sonra da adekvat qərarlar verəcək. Xülasə, «Qarabağ»ın irimiqyaslı dəyişiklik ərəfəsinə yetişməsinə zərrə qədər şübhəm qalmayıb. Ayrılıq xəbərlərini ictimailəşdirməyə nəfəsimiz çatmayacaq, barmağımız qabar bağlayacaq.
ELXAN

